Növbəti toplantı
Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik, qərarların
icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub.
Bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparılıb. Qeyd edilib ki, seçkilərə
nəzəri cəhətdən siyasi partiyalar bloku, ayrıca partiya şəklində və ya fərdi
qaydada qatılmaq olar. Mövcud variantların üstünlükləri və problemli tərəfləri
haqqında fikir mübadiləsi aparılıb. Bələdiyyə seçkiləri ilə bağlı Seçki
Məcəlləsində boşluqlar və uyğunsuzluqlar olduğu qeyd olunub və müsavatçı millət
vəkillərinə bu məsələni Milli Məclisdə qaldırmaq həvalə edilib.
May ayının 2-də partiya Məclisinin növbəti toplantısını keçirmək qərara alınıb.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ABŞ prezidenti Barak Obamanın
24 aprel çıxışında uydurma soyqırım haqqında ermənicə “böyük qırğın” sözü
işlətməsinə münasibət bildirirlib və partiya adından ayrıca bəyanat qəbul edilib
(bəyanatın mətni əlavə edilir). Divanda
həmçinin qeyd edilib ki, Türkiyə-Azərbaycan münasibətlərində son zamanlar
yaranmış gərginlik mərhələsinə nöqtə qoyulmalıdır. Divan Azərbaycan və Türkiyə
hökumətlərini yaranmış gərginliyi aradan qaldırmağa və bu məsələdə birgə hərəkət
etməyə çağırıb.
Ölkədə iqtisadi böhranın təsirlərinin getdikcə daha çox hiss olunduğu
vurğulanıb. Qeyd edilib ki, ölkənin əsas sənaye mərkəzlərindən olan Sumqayıtda
bu ilin əvvəlindən iri sənaye müəssisələrinin bağlanması on minlərlə adamın
işsiz qalmasına səbəb olub. Son günlərdə Sumqayıt maşın bazarının bağlanması
daha 1000-dən çox adamın işsiz qalmasına səbəb olub. Qeyd olunub ki, Gəncə və
Şamaxıda da bir sıra iri sənaye müəssisələri bağlanıb. Divan hökumətdən
müəssisələrin bağlanmasının qarşısını almağı və indiyədək müəssisələrin
bağlanması ilə iş yerlərini itirmiş adamların işlə təmin edilməsi üçün təsirli
tədbirlər görməsini tələb edib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 27 aprel 2009-cu il, Bakı