Rəis Rəsulzadə ilə partiya rəhbərliyinin
görüşü
Bu gün Müsavat Partiyasının qərargahında böyük öndər Məhəmməd Əmin
Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə partiya rəhbərliyinin görüşü keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ərəfəsində keçirilən görüşü giriş sözü
ilə açan Müsavat Partiyasının başqanı İsa Qəmbər Xalq Cümhuriyyətinin
əhəmiyyətindən, onun yaradıcılarının xalqımız və ölkəmiz qarşısındakı müstəsna
xidmətlərindən danışıb. Qeyd edib ki, bütün müsəlman şərqində ilk demokratik
cümhuriyyətin məhz Azərbaycanda yaranması bizim milli iftixarımızdır. O, Xalq
Cümhuriyyətinin mövcud olduğu 2 il ərzində dövlət quruculuğu, ərazi bütövlüyü və
azad vətəndaş cəmiyyətinin yaradılması istiqamətində görülən işləri yüksək
qiymətləndirib. İsa Qəmbər deyib ki, yalnız Xalq Cümhuriyyətinin bizə qoyub
getdiyi zəngin miras, yaratdığı dəyərlər sisteminə sahib durmaqla Azərbaycanın
tərəqqisinə nail olmaq mümkündür. Bugünkü Azərbaycan gəncliyinin həmin dəyərlərə
sayğılı münasibət bəslədiyini vurğulayan Müsavat başqanı bunu cümhuriyyət
ideallarının təntənəsi kimi dəyərləndirib.
Sonra Rəis Rəsulzadə görüş üçün partiya rəhbərliyinə təşəkkür edib və
cümhuriyyət dövrünün dəyərlər sisteminin, həmin cümhuriyyəti quran
şəxsiyyətlərin daha geniş şəkildə təbliğ olunmasının zərurətindən danışıb.
Görüşdə Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı, Arzu Səmədbəyli,
Mehman Cavadoğlu, partiyanın Məclis üzvləri Nəsiman Yaqublu və Sabir Məmmədli də
çıxış edərək həmin dövrün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıblar.
isagambar.az, 27 may 2009-cu il, Bakı
