26 NOYABR DƏHŞƏTİNİN İLDÖNÜMÜNDƏ
SENSASİYALI ETİRAFLAR
Pənah Hüseyn: “2005-ci ildə inqilabi dəyişiklik şansı var idi”
Arif Hacılı: “Bəzi təcrübəsiz müxalifət qüvvələri ilə... uğursuz bir saziş
bağlanmışdı”
Sərdar Cəlaloğlu: “Zaman keçdikcə daha da aydın olur ki, İsa Qəmbər o dövrdə
haqlı mövqedə imiş”
Bu gün 2005-ci ilin 26 noyabr hadisəsinin ildönümüdür. 4 il əvvəl parlament
seçkilərinin saxtalaşdırılmasına qarşı o zamankı “Azadlıq” blokunun “Qələbə”
meydanında etiraz mitinqi keçirildi. Mitinqin sonunda blokdakı partiyalardan
AXCP ilə Liberal Partiyanın rəhbərləri oturaq aksiya qərarının verildiyini bəyan
etdi, mitinqçilərə çağırış etdi. ADP də ideyanı dəstəklədi.
4 partiyadan yalnız Müsavat oturaq aksiyanın əleyhinə idi. Müsavat başqanı İsa
Qəmbər mitinq iştirakçılarına oturaq mitinqin arzuolunmaz prosesə səbəb
olacağını bildirmişdi və insanları mitinqin vaxtı başa çatanda dağılmağa
çağırmışdı. Bu çağırışdan sonra meydanın yarıdan çoxu ərazini tərk etsə də,
“Meydanda oturun” çağırışı edənləri də dinləyənlər oldu. Sonrası məlumdur.
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bu mövzuda suallarımızı
cavablandırarkən bildirdi ki, həqiqətən 2005-ci ildə inqilabi dəyişiklik şansı
var imiş: “2003-cü il prezident seçkilərindən sonra son dərəcə ağır vəziyyət
yaranmasına baxmayaraq, Azərbaycanın müxalifət qüvvələri qısa müddətdə kifayət
qədər iş gördülər. Elə bir uğurlu iş aparıldı ki, artıq 2005-ci il parlament
seçkiləri öncəsi ölkədə inqilabı mümkün edəcək vəziyyət yarandı. 2005-ci il
parlament seçkiləri dünyanın diqqət mərkəzində idi. Azərbaycanda o dövrdə
inqilabın qarşısının alınması üçün bir sıra qüvvələr səfərbər olundu. Rusiya
hakimiyyəti ən yüksək səviyyədə çalışırdı ki, narıncı inqilab reallaşmasın.
Narıncı inqilabın 2005-ci ildə Azərbaycanda dayandırılması Rusiyanın xidməti və
nailiyyəti idi. Lakin 2005-ci ildə inqilab reallaşmayıbsa, bu o demək deyil ki,
bir daha Azərbaycanda radikal demokratik dəyişikliklər mümkün deyil.
2011-2012-ci ildə müşahidə olunacaq vəziyyət 2009-cu ildə görünməyə başlayıb”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da bildirdi ki,
2005-ci ildə ölkədə ciddi siyasi dəyişikliklərin olması ehtimalı kifayət qədər
yüksək olub. Bir sıra hadisələr bunun qarşısını alıb: “Sadəcə olaraq,
Azərbaycanda olan bəzi təcrübəsiz müxalifət qüvvələri və hakimiyyətdə öz
mövqelərini daha da gücləndirmək istəyənlər arasında uğursuz bir saziş
bağlanmışdı. Bu saziş Rusiya xüsusi xidmət orqanları tərəfindən ifşa olunaraq,
Azərbaycan hakimiyyətinə hədiyyə edildi. Bu prosesdə bəzi Qərb nümayəndələri də
iştirak etdiyi üçün faktiki olaraq seçki kampaniyası ərəfəsində Rusiya siyasəti
Azərbaycanda tam qələbə çaldı. Qərb proseslərə müdaxilə etmək imkanlarını
itirdi. Azərbaycanın müxalifət düşərgəsində çaşqınlıqlar yarandı. Bütövlükdə
cəmiyyətin avtoritar rejimə qarşı birləşməsinin qarşısı alındı. 26 noyabr
hadisəsi isə proseslərin finişə doğru yönəldiyi məqamda baş verdi. Həmin gün
oturaq aksiya keçirmək qərarı yanlış idi. Bu barədə biz əvvəlcədən öz
mövqelərimizi açıqlamışdıq. Təəssüf ki, blokdakı tərəfdaşlarımız
xəbərdarlıqlarımızı qəbul etmədilər. Ancaq ölkədə avtoritar rejimin səbəbini
bunda görmürəm. Hakimiyyətə beynəlxalq birliyin lazımi təzyiqlərinin olmaması
avtoritar rejimin daha da möhkəmlənməsinə səbəb oldu. Oturaq aksiya taktiki səhv
idi və müxalifətə ziyan vurdu. Ancaq bu ziyan həlledici deyildi. Bu, taktiki
səhv idi və bizə taktiki zərbəsi oldu”.
ADP sədri Sərdar Cəlaloğlu oturaq aksiyanı dəstəkləməyinin yanlış olduğunu
etiraf etdi: “Çox təəssüf ki, yaxın tariximiz həm də bir sıra səhvlərimizdən
ibarətdir. Belə səhvlərdən biri də 2005-ci il 26 noyabr mitinqində oturaq
aksiyaya keçmək haqda qəbul etdiyimiz qərardır. Həmin ideya mənim olmasa da,
qərarın qəbuluna mən də razılıq vermişdim. Düşünürdüm ki, keçmiş SSRİ məkanında
başlayan narıncı inqilab Azərbaycanda da mütləq olacaq. Buna Qərbin də dəstəyi
gələcək. Lakin hadisələrin gedişində məlum oldu ki, ABŞ siyasi situasiyanın
dəyişməsində maraqlı deyil. Hətta bizim dostlarımızdan biri belə bir faktın
şahidi olmuşdu ki, ABŞ rəhbərliyində təmsil olunanlardan birinə ”Azərbaycanda
2005-ci ildə inqilab baş verə bilərdimi" sualı verilib. O isə cavabında deyib
ki, “bəli, Gürcüstanda və Ukraynadakı inqilablar Azərbaycanda da baş verəcəkdi,
lakin ABŞ rəhbərliyi olaraq buna dəstək vermədik”".
S.Cəlaloğlu 26 noyabr hadisəsindən sonra bir sıra məsələlərlə bağlı aydınlıq
əldə etdiyini açıqladı: “Mənə məlum oldu ki, bizim apardığımız mübarizənin
arxasında bir ssenari işlənib. Ssenarinin sonunda həmin oturaq aksiya nəzərdə
tutulubmuş. Təəssüf ki, mən oturaq aksiyanı dəstəkləyərkən bundan xəbərsiz
olmuşam. Zaman keçdikcə daha da aydın olur ki, o dövrdə İsa Qəmbər haqlı
mövqedəymiş. İsa bəy oturaq aksiyanın çox dəhşətli planların həyata keçməsinə
səbəb olacağını bəyan edərkən haqlı imiş”.
Etibar SEYİDAĞA, Yeni Müsavat, 27.11.2009
http://www.musavat.com/new/Siyas%C9%99t/65191-26_NOYABR_D%C6%8FH%C5%9E%C6%8FT%C4%B0N%C4%B0N_%C4%B0LD%C3%96N%C3%9CM%C3%9CND%C6%8F_SENSAS%C4%B0YALI_ET%C4%B0RAFLAR