Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlikdə əsas müzakirə bələdiyyə seçkilərinin nəticələri ilə bağlı olub. Partiyanın bələdiyyə seçkiləri ilə bağlı səsvermə günündən dərhal sonra təqdim etdiyi İlkin Rəyin geniş yayılması tövsiyyə olunub. Divan bir daha qeyd edib ki, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri azad və ədalətli olmayaraq, beynəlxalq standartlara cavab verməyib. AŞ-nın müşahidə missiyasının bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyi müsbət dəyərləndirilib. Qərara alınıb ki, seçkilərin gedişi və nəticələri ilə bağlı araşdırmalar davam etdirilsin. Məsələnin müzakirəsinin sonunda bütün təzyiq və təqiblərə baxmayaraq bələdiyyə seçkilərinə qatılmış və sonacan mübarizə aparmış müsavatçılara Divan adından təşəkkür elan edilib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə bir neçə məsələyə baxılıb. Əvvəlcə ölkə başçısının bayram ərəfəsində verdiyi əfv fərmanına münasibət bildirilib. Qeyd edilib ki, həbsdə olan baş redaktorların, bloggerlərin və digər siyasi məhbusların adları bu siyahıya salınmayıb. İctimaiyyətin və beynəlxalq təşkilatların bu yöndə ardıcıl müraciət və tövsiyyələrinə məhəl qoyulmamasının təəssüf doğurduğu və bunun Azərbaycanın maraqlarına uyğun olmadığı vurğulanıb. Avropa Parlamentinin Azərbaycanda azadlıqların məhdudlaşdırılması ilə bağlı dekabrın 17-də qəbul etdiyi qətnamə Divan tərəfindən yüksək qiymətləndirilib. Milli Məclisin həmin qətnaməyə qarşı qəbul etdiyi bəyanatın əsassız olduğu qeyd edilib.

Elektrik, qaz və su sayğaclarının istehlakçılara pulsuz quraşdırılmasını nəzərdə tutan qanunlarda saxtakarlıqla dəyişiklik edilməsi məsələsi yenə diqqət mərkəzində olub. Qeyd edilib ki, Milli Məclis bu məsələni araşdıraraq, günahkarların cəzalandırılmasına nail olmaq əvəzinə plenar iclasda bu məsələ ilə bağlı prinsipiallıq göstərən Müsavat Deputat Qrupuna qarşı təzyiqləri artırıb, onlardan birini - Pənah Hüseyni danışmaq hüququndan məhrum edib. Bu özbaşınalıq qətiyyətlə pislənilib.

Son günlər Tehranda və Təbrizdə baş verən hadisələr təhlil edilib. Teokratik Tehran rejiminin öz hüquq və azadlıqları uğrunda mübarizə aparan İran xalqına divan tutması pislənilib. Bildirilib ki, son hadisələr nəticəsində xeyli sayda ölənlər, yaralananlar və həbs olunanlar var. Divan dünya ictimaiyyətini İranda baş verənlərə biganə qalmamağa çağırıb.

Gündəliyin partiyadaxili məsələlər bölümündə Məclisin növbəti sessiyasının 16.01.2010-cu il tarixində keçirilməsi haqqında qərar qəbul edilib.

Yığıncağın sonunda Divan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə bütün dünya azərbaycanlılarını təbrik edib.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 28 dekabr 2009-cu il, Bakı