MÜXALIFƏT
28 MAYI BİRGƏ QEYD ETDİ
Siyasətçilər və partiya fəalları tədbiri Rəasilzadənin ata yurdunda,
Novxanıda keçirdilər
Müxalifət partiyaları mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
91 illiyi ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önündə
bayram mitinqi keçirib. Mitinqdə Müsavat Partiyası, AXCP, Vətəndaş və İnkişaf
Partiyası, Liberal Partiyası, Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası,
ictimaiyyət nümayəndələri, o cümlədən ulu öndər Rəsulzadənin nəvəsi Rəis
Rəsulzadə də iştirak edirdi.
Mitinqi
açıq elan edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı
1918-ci il 28 may İstiqlal gününü münasibətilə tədbir iştirakçılarını təbrik
etdi. Sonra mitinq iştirakçıları Azərbaycanın himnini oxudular.
A.Hacılı nitqini davam etdirərək 28 mayın tək Azərbaycan tarixinin yox, bütün
Şərq dünyasının həyatında mühüm hadisə olduğunu vurğuladı: ”Bu gün Azərbaycan
tarixinin ən şanlı səhifəsi kimi indiki və gələcək nəsillər arasında təbliğ
olunmalıdır. Biz bu gün o dövrkü cümhuriyyətin yaranmasından faydalanırıq.
Bugünkü Azərbaycan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”.
AXCP sədri Əli Kərimli öncə terror qurbanlarının və səhlənkarlıq
ucbatından həyatını itirən əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad
etməyə çağırdı. Sonra çıxışını davam etdirən AXCP sədri Novxanıda işıqların
söndürülməsinə diqqət çəkdi: ”İşıqlar söndürülüb. Biz meqafonla danışırıq. Bizim
səsimizin daha uzağa getməsi kimlərisə narahat edir. Azərbaycanını böyük
oğulları 91 il əvvəl adımızı dövlət quran xalqların siyahısına saldılar.
Azərbaycan Xalq Cümhuriyyətinə ögey münasibəti illərdir görürsünüz. Cümhuriyyət
qurucuları hər şeylərini xalqa qurban verdilər. Bayağı təbliğata və tarixin
saxtalaşdırılmasına baxın! Xalqımız Cümhuriyyət tarixi ilə fəxr edir. Afrikada
əksər ölkələrdə demokratiya qurulub. Avropa Birliyinə daxil olmağa hazırlaşan
Azərbaycanda isə respublika prinsipləri sual altına qoyulur. İki dəfə
cümhuriyyət qurduq. Üçüncü dəfə demokratik dövlət qurmağı sizə arzu edirəm. Biz
Rəsulzadə irsini qorumalıyıq”.
Ümid Partiyasının sədri İqbal Ağazadə demokratik bir dövlətdə yaşamağı
ümid etdiyini vurğuladı: ”İnşallah, tarix bizə demokratik cümhuriyyətdə yaşamağı
bəxş edəcək. Ən zəif mücadilələrin sonu qalibiyyətlə nəticələnir. Hamımız bunun
üçün çalışırıq. Gərək elə edək ki, bizdən sonra gələn nəsillər son 15 ildə
çəkdiyimiz acıları yaşanmasın və əsl Rəsulzadə irsinə layiq cümhuriyyətdə yaşaya
bilək”.
Çıxışlar arasında Xalq Cümhuriyyəti və onun qurucularına həsr olunan şerlər də
səsləndirildi.
VİP sədri Əli Əliyev böyük insanların sınaqlardan keçdiyini dedi: ”Böyük
hərəkatdan gəlib parçalanmışıq. Bu isə Azərbaycana fayda vermir. Belə olmasa,
biz qələbə qazana bilmərik. Mən siyasi hərəkata rəhbərlik edən insanları və
onlar ətrafında toplaşanları nəzərdə tuturam. İmtahan vaxtına o qədər də çox
imkanımız qalmayıb. Hakimiyyətin fərsizliyi ucbatından bütün dünya
torpaqlarımızın verilməsini tələb edir. Millətimiz saf və təmizdir. Məqsədimiz
isə bu təmizliyi hakimiyyətə gətirməkdir. Nə qədər ki Məhəmməd Əminin və onların
silahdaşlarının arzuladığı dövləti qoruyub saxlaya bilməmişik, onların ruhu daim
narahat olacaq. Nə qədər ki böyük insanlar öz torpağında uyumur, bizim nəslin
rahat yaşamağa haqqı yoxdur. Ona görə də o insanların ideyalarını əlimizdə məşəl
kimi yandırmalı və bütün nəsillərə ötürməliyik”.
ALP-nin sədr əvəzi Əvəz Temirxan sözünə dostunun öz nəvəsi ilə dialoqu
ilə başladı: ”Dostumun nəvəsi babasından soruşdu ki, baba, hara gedirik. Babası
dedi ki, mitinqə gedirik, İbiş. Nəvəsi qayıdıb dedi ki, baba, mənə daha İbiş
demə, mən artıq mitinqə gedirəm. Mənə İbrahim de. Nə qədər ki Azərbaycanda 4-5
yaşlı cümhuriyyətçilər var, Azərbaycan həmişə yaşayacaq. Nə qədər ki Azərbaycan
bayrağını yüksəldən bu körpələr var, bayrağımız heç zaman enməyəcək. Biz
mübarizə enerjisini Azərbaycan hakimiyyətinin gündə beş dəfə kəsdiyi elektrikdən
almırıq. Bu körpələr enerjini Rəsulzadə ideyalarından alırlar. Hesab edirəm ki,
ruhdan düşməməliyik. Yəhudilər bizdən 30 il sonra dövlət qurdular. Rəsulzadənin
qurduğu dövlət digərləri üçün nümunə oldu. Azərbaycanda hərəkat cavanlaşır.
Azərbaycan gəncliyi varsa, hərəkat da var. Qələbə də, Cümhuriyyət də, Azərbaycan
da bizimdir”.
ADP sədri Sərdar Cəlaloğlu dedi ki, Azərbaycanda qəlbində respublikaçılıq
ideyasını yaşadan sonuncu insan qalana qədər Azərbaycan respublikadır:
”Respublikaçılığa qarşı qoyulan ideyalara qarşı çıxmalıyıq. Qərb respublikaçılıq
həyat tərzi Şərqdən çox inkişaf edib. Biz azad olmaq və torpaqlarımızın
qaytarılmasını istəyiriksə, ilk növbədə bu ideyaları yüksəltməliyik. Atatürk
deyib ki, ola bilsin dövlət başçılarınız satqın çıxıb, ordularımız vuruşmaqdan
yorulub, böyükləriniz sizi istiqlal savaşından çəkindirir, amma İstiqlal
bayrağını ucaltmaq borcumuzdur və möhtac olduğumuz qeyrət damarımızdan axan
qandır. Damarında qeyrət qanı axan hər bir azərbaycanlı respublikaçıdır.
Respublikaya eşq olsun!”
Sonra söz Sumqayıt məktəblilərinə verildi. Balaca məktəblilərin oxuduğu şer
alqışlarla qarşılandı. Daha sonra söz Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəyə
verildi. Rəis bəy hakimiyyətin Rəsulzadəyə və Xalq Cümhuriyyətinə ögey münasibət
bəslədiyini bildirdi: “Cümhuriyyətimizin 91, Rəsulzadənin 125 illiyində görün
kimlərin yubileyi qeyd edilir? Rəsulzadənin yubileyi Azərbaycanda dövlət
səviyyəsində keçirilmir. Millət vəkilləri bu haqda düşünmür. Ar olsun o millət
vəkillərinə! Azərbaycanda olmasa da Moskva, Türkiyə, Almaniya və İsveçrədəki
diaspor nümayəndələrimiz, görkəmli ziyalılarımız bu hadisəni qeyd edir
Yubileylər davam edəcək. Yəqin ki, millət vəkilləri səhvlərini düzəldəcəklər.
Millətlər üçün ən böyük bayram istiqlal bayramıdır. Gənclərimizə tarixi dərindən
öyrənməyi tövsiyə edirəm. Tarixi saxtalaşdırmaq mümkün deyil”.
Müsavat
başqanı İsa Qəmbər çıxışına bu bayramın arzularımıza işıq salmasını və
niyyətlərimizə bir yerdə çatmağımızı arzulamaqla başladı: “91 il əvvəl
Azərbaycanın tarixi torpaqlarından olan dəyərli ziyalılarımız bir araya
gəldilər. İstiqlalımızı bəyan etdilər və Məhəmməd Əmin Rəsulzadəni dövlətimizin
başçısı seçdilər. Xalqın qəlbində Rəsulzadəyə nə qədər böyük məhəbbət varsa, bu
gün hakimiyyətdə ona qarşı biganəlik, qorxu, qısqanclıq və düşmənçilik var.
Rəsulzadənin mübarizə yolunu öyrəndikcə onun Azərbaycan üçün nələrdən keçdiyinin
şahidi oluruq. Rəsulzadə ilə müqayisə ediləcək şəxsiyyətlər tapmaq çox çətindir.
Hər halda, o şəxsiyyətləri indiki hakimiyyətin sıralarında axtarmağa əsas
yoxdur. Yersiz qısqanclığa son qoysunlar. Bundan fayda tapmayacaqlar. İqtisadi
inkişaf, ərazi bütövlüyü, siyasi azadlıqlar baxımından mümkün olan hər şey
edildi. Sonra da işğal nəticəsində süqut etdi. Müstəqilliyimizin düşmənləri hələ
də var. Aprelin 30-da baş verən terroru da həmin düşmənlər törədiblər. Orduda və
bir sıra sahələrdə baş verən hadisələr xaricdən terror kimi görünür. Həmişə
Azərbaycana göz dikənlər olub. Amma mənə elə gəlir ki, bizim Cümhuriyyətimizin
və xalqımızın əsas rəqibi xaricdə deyil. Əliyevlər rejimi tərəfindən xalqa
aşılanan biganəlikdir. Amma nə xarici təsirlər, nə də Əliyevlərin qısqanc və
biganə münasibəti Cümhuriyyət dəyərlərini qiymətdən sala bilməz. Hər il şaxtalı
qış günündə və isti havada Azərbaycanımızın gözəl guşələrindən biri Novxanıya
gəlib Rəsulzadənin xatirəsini yad edirik. Ötən müddət haqqında fikirlərimizi
bölüşürük, gələcək müddət haqqında planlarımızı bildiririk. Bu günlərin özü
bizim üçün tarixi ənənəyə çevrilib. Nə qədər ki Cümhuriyyət dönəminin tədqiq
edən Şirməmməd Hüseynov, Nəsiman Yaqublu, Cəmil Həsənli, Aydın Balayev, Məryəm
Oruclu kimi tədqiqatçılarımız, mübarizə önündə olan qadınlarımız, hakimiyyətin
təzyiqlərinə rəğmən mübarizələrini davam etdirən gənclərimiz və körpələrimiz
var, heç kim cümhuriyyət dəyərlərini bizim əlimizdən ala bilməz.
Son zamanlar demokratik qüvvələr bir araya gəlib xeyli işlər görüblər. Qarşıdan
gələn bələdiyyə seçkilərində cəmiyyətin fəallığını istəyirik. Hamı ciddi şəkildə
bələdiyyə seçkilərinə hazırlaşmalıdır. Hamı bələdiyyə seçkilərinə baş məşq kimi
baxmalıdır. Çünki gələn il parlament seçkiləri gəlir. 2010-cu ildə parlament
seçkilərində Əliyevlər rejiminə dərs vermək üçün əlimizdən gələn hər şeyi
etməliyik. Bu seçkilərə daha mütəşəkkil hazırlaşmalıyıq. 2010-cu ildə
Azərbaycanda hakimiyyətin dəyişməsi üçün ciddi addımlar atmaq tamamilə
mümkündür. Bunu dünyada, regionda və ölkədə gedən proseslər də nümayiş etdirir
ki, biz bu işləri görə bilsək, bu məkanda arxayın hesabat verə biləcəyik”.
Mitinq iştirakçıları sonda M.Ə.Rəsulzadənin Novxanı qəbiristanlığında uyuyan
yaxınlarının, sonra isə mitinq iştirakçıları Azərbaycan milli-azadlıq
hərəkatının lideri Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarını ziyarət etdilər.
Fotolar müəlliflərindir
Leyla İLQAR, Əfqan MUXTARLI, Yeni Müsavat, 29.05.2009
http://musavat.com/site/shownews.php?news_id=53908