Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
edilib.
Yığıncağın əvvəlində Müsavat Partiyasının təşkilatçılığı ilə 02 dekabr 2009-cu
il tarixdə keçiriləcək “Cənubi Qafqazda geopolitik durum. Yeni risklər, yeni
imkanlar” adlı dəyirmi masaya hazırlıq haqqında məlumat verilib.
Daha sonra Bələdiyyə seçkiləri ilə bağlı məsələ müzakirə edilib. Qeyd edilib ki,
total saxtakarlıq və namizədlərə edilən basqılardan sonra partiya siyahısı ilə
150-dən artıq namizəd qeydə alınıb. Bu namizədlərin və sərbəst qaydada
namizədliklərini irəli sürmüş müsavatçıların təbliğat kampaniyalarının qurulması
ilə bağlı fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
Gündəliyin ictimai-siyasi vəziyyətlə bağlı bölümündə əsas məsələ Qarabağ
danışıqlarının gedişatının müzakirəsi olub. Əldə olan məlumatlar əsasında durum
dəyərləndirilib. İqtidarın nəzarətində olan bəzi deputatların Milli Məclisdə
Qarabağ probleminin həlli üçün Rusiyaya sığınmağın lazım olduğunu, bu ölkənin
Azərbaycanda hərbi bazalar yaratmasına, sərhədlərimizi qorumasına şərait
yaradılmasının vacibliyini deməsi ciddi narahatlıq doğurub. Bunun hakimiyyətin
cəmiyyətə ötürdüyü ideya ola biləcəyi vurğulanaraq, bu ideya kəskin şəkildə
qınanıb və müstəqilliyimizə xəyanət kimi qiymətləndirilib.
Güney Azərbaycanda 13 nəfər soydaşımızın may hadisələri ilə əlaqələndirilərək
həbsə atılması kəskin qınanılıb. Qeyd edilib ki, İran rejimi soydaşlarımızın öz
milli hüquqları uğrunda mübarizə aparmasından çox ciddi narahatdır və bunun
qarşısını almaq üçün fəallıq göstərən soydaşlarımızı müxtəlif bəhanələrlə
həbsxanaya atır. Divan İran hakimiyyətindən günahsız soydaşlarımızı həbsdən azad
etməyi tələb edib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 30 noyabr 2009-cu il, Bakı