İSA QƏMBƏR: “HƏRƏ ÖZÜNDƏN DANIŞMALIDIR.
HƏRƏ ÖZÜNƏ QİYMƏT VERMƏLİDİR”
“Media forum” saytının suallarını Müsavat Partiyasının başqanı İsa Qəmbər
cavablandırır.
- 2009-cu ili ölkə, cəmiyyət və Müsavat Partiyası üçün necə
dəyərləndirirsiniz?
- Mən Əliyev rejimi dönəmindəki bütün illəri Azərbaycan üçün itirilmiş illər
hesab edirəm. 2009-ci il də, təəssüf, istisna olmadı. Xalqımız, dövlətimiz üçün
itirilmiş ildir.
2009-cu ildə iki böyük saxtakarlıq hadisəsi oldu. Birincisi referendum
saxtakarlığıdır. Prezident seçilməyə müddət məhdudiyyətinin aradan qaldırılması
Azərbaycanı orta əsrlərə aparmaq cəhdidir. İlin sonunda isə bələdiyyə seçkiləri
adı altında ikinci böyük saxtakarlıq həyata keçirildi. Buna ad tapmaq belə
mümkün deyil. Bu, Əliyev rejiminin sovet dönəminin seçki praktikasını bərqərar
etmək istiqamətində atdığı addım oldu.
2009-cu ildə çox ciddi mənfi işarəli hadisələr baş verdi. Çoxlu qətllər,
intiharlar oldu. Ən böyük qətliam – hamımızı sarsıdan ən böyük faciə isə
gənclərimizin, müəllimlərimizin, ziyalılarımızın həlak olduğu 30 aprel terror
aksiyasıydı. Neft Akademiyasındakı bu terror aktı çox dəhşətli hadisəydi.
Siyasi terror, siyasi həbslər, jurnalistlərin, bloqçuların həbsə alınması və bir
çox məqamlar 2009-u mənfi hadisələrlə zəngin ilə çevirdi.
Təəssüf ki, bu il ərzində heç bir məsələdə irəliləyiş əldə edə bilmədik.
Torpaqlarımızın işğaldan azad edilməsi, xalqımızın həyat səviyyəsinin
yüksəlməsi, cəmiyyətdə azadlıqların yayılması məsələlərində heç bir irəliləyiş
yoxdur.
Çox çətin il oldu. Amma mən hesab edirəm ki, həm də kifayət qədər nəticə
çıxarmalı il oldu.
Müsavat Partiyasına gəldikdə isə partiyamız hər zaman olduğu kimi fəaliyyətini
davam etdirdi, mövqeyini ifadə etdi. Elə bir ciddi hadisə olmayıb ki, Müsavat
Partiyası onunla bağlı mövqeyini bildirməsin, haqqın-ədalətin yanında olmasın,
haqsızlıqla, ədalətsizliklə mübarizə etməsin. Hesab edirəm ki, 2009-cu il
Müsavat Partiyası üçün cəmiyyətlə əlaqələrin gücləndirilməsi, cəmiyyətlə
bütünləşmə hədəfinə yaxınlaşmaq baxımından önəmli il oldu. Müsavatçıların
fədakarlığı hesabına bu il atılmış addımlar gələn il öz bəhrəsini verməyə
başlayacaq.
- Dediniz ki, 2009 nəticə çıxarmalı il oldu. Hansı nəticələrdən söhbət gedir?
- Hakimiyyətin zəifləməyə başlamasından söhbət gedir. Hazırda bir çoxları bunu
bəlkə də hiss etmir. Əksinə, cəmiyyətdə hakimiyyətin güclü olması əhvalı var.
Amma mən hesab edirəm ki, bu il hakimiyyətin zəiflədiyi il oldu. Hakimiyyətin öz
ictimai dayaqlarını daha da itirdiyi, bu dayaqların sarsılmağa başladığı il
oldu. Bu, ilin sonunda bir çox hadisələrdə, o cümlədən bələdiyyə seçkilərinin
gedişində özünü göstərdi.
Eyni zamanda ölkəmizdə və bölgədə gedən proseslər bir sıra nəticələr çıxarmağa
əsas verir. Dünyada qlobal dəyişikliklər başlayıb və bu, bölgəmizdə də,
Azərbaycanda da özünü çox ciddi şəkildə göstərəcək.
- 2010-cu illə bağlı nikbin proqnozlarınız var. Bu nikbinlik nəyə əsaslanır?
- Dünyada gedən prosesləri də, bölgəmizdə gedən prosesləri də, cəmiyyətimizdə
gedən prosesləri də təhlil edərək o nəticəyə gəlirəm ki, 2010-cu ildə
Azərbaycanda çox ciddi dəyişikliklər tamamilə mümkündür. Sadəcə olaraq o
dəyişikliklərin nə cür işarələnəcəyi xeyli dərəcədə xalqımızdan və hər
birimizdən asılıdır. Mən hesab edirəm ki, xalqımız, cəmiyyətimiz fəal olsa,
gələn il müsbət dəyişikliklər tamamilə realdır.
- Parlament seçkilərini nəzərdə tutursunuz yəqin ki...
- Parlament seçkiləri də o hadisələrin içindədir.
- Xalqın fəal olacağının işartıları varmı, sizcə?
- İşartılar, təbii, var. Sadəcə, mən onları xüsusi qabartmağa ehtiyac hiss
etmirəm. Amma bu məsələ həm də hər birimizdən asılıdır. Bilirsiz, cəmiyyətin
passiv olduğunu, heç nəylə maraqlanmadığını deyə-deyə sanki cəmiyyətin özünü bu
fikrə alışdırmaq tendensiyası var. Bu tendensiyaya son qoymaq lazımdır. Hərə
özündən danışmalıdır. Hərə özünə qiymət verməlidir ki, mən bu cəmiyyətin
fəallaşması üçün nə etmişəm, nə etməliyəm. Hər bir şəxs bu barədə
fikirləşməlidir. Təbii, aparıcı müxalifət qüvvəsi olaraq Müsavat Partiyası
cəmiyyətin fəallaşması, real müxalifətlə cəmiyyətin bütünləşməsi istiqamətində
ciddi fəaliyyət göstərmək fikrindədir.
- Yeri gəlmişkən, nizamnaməyə görə, 2010-cu ildə Müsavat Partiyasının
qurultayı keçirilməlidir. Qurultay olacaqmı?
- Partiya rəhbərliyindəki məsləhətləşmələrə əsasən, qurultayı 2010-cu ilin
sonunda keçirməyi düşünürük. Nizamnaməyə görə, 4 ildən bir partiyanın qurultayı
olmalıdır. Son qurultay 2006-cı ildə olubsa, 2010-cu ildə də növbəti
qurultayımız olmalıdır. Bilirsiniz ki, Müsavat Partiyası hər zaman nizamnaməyə
əməl etməyə çalışır. Düşünürəm ki, bu dəfə də belə olacaq.
«Media forum», 2009-12-30
http://www.mediaforum.az/articles.php?lang=az&page=02&article_id=20091230035638801