İSA QƏMBƏRİN YENİ İL MESAJI

“Gözləmə mövqeyində olacağıqsa, 2010-da heç nə dəyişməyəcək”
Müsavat Partiyasında keçirilən bayram tədbirində görkəmli akademiklər də iştirak edib

Dünən Müsavat Partiyasının qərargahında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirildi. Bayram tədbirində bir sıra siyasi partiyaların rəhbərləri, millət vəkilləri, ölkənin nüfuzlu ziyalıları, o cümlədən akademiklər Eldar Salayev, Midhəd Abbasov, Calal Allahverdiyev və Cənubi Azərbaycandan qonaqlar iştirak edirdi.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı dedi ki, 31 dekabr Azərbaycan tarixində ən mühüm günlərdən biridir. O qeyd etdi ki, Azərbaycan və türk dünyası tarixi üçün 31 dekabrı Berlin divarının sökülməsi ilə müqayisə etmək olar: “31 dekabrda başlayan proses davam edir. İndiki nəsillər, bizdən sonra gələn nəsil 31 dekabrda başlayan bu hərəkatı yekunlaşdırmağa nail olsalar, o zaman bu tarixin əhəmiyyəti tam şəkildə yerini alacaq”.

Bütöv Azərbaycan Birliyi Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli 31 dekabrın xüsusilə seçilmiş gün olduğundan danışdı: “O dövrdə 31 dekabr sadəcə Yeni il bayramı olaraq qeyd olunurdu. Milli liderimiz Əbülfəz Elçibəy həmin günü milli bayramla əvəz etmək üçün sərhədlərin sökülməsini məhz 31 dekabra planlaşdırdı. Əbülfəz Elçibəy tarixi məsuliyyəti öz boynuna götürüb sərhədlərin sökülməsi qərarını təkbaşına vermişdi. Ona görə də bütövlük, həmrəylik deyəndə gözümüzün önünə Əbülfəz Elçibəy, müstəqillik, respublika deyəndə gözümüzün önünə öndərimiz Məhəmməd Əmin Rəsulzadə gəlir”.

Müsavat başqanı İsa Qəmbər çıxışında bildirdi ki, 31 dekabr ilk növbədə Azərbaycanın bütövlüyü ilə bağlı tarixdir. Ona görə də Müsavatla Bütöv Azərbaycan Birliyinin bu bayramı birlikdə qeyd etməsi təbiidir: “Tarix öz-özünə yaranmır. Tarixi insanlar yaradır. Bizim xalqımız min illər boyu çox möhtəşəm bir tarix yaradıb. Bəzən müzakirələr gedir ki, biz babalarımızdan niyə danışırıq, özümüzdən danışaq. Təbii ki, özümüz bu günə məsuliyyət daşıyırıq. Amma babalarımızın qəhrəmanlıqları ilə fəxr etməyimiz bizə güc verir. Bu, böyük bir mənəvi qüvvə mənbəyidir. Ona görə də tariximizlə, tariximizdəki uğurlarla, görkəmli şəxsiyyətlərimizlə fəxr etmək bizi gücləndirir. Eyni zamanda tariximizdəki yanlışlıqlarla bağlı da bilgilərə sahib olmağımız lazımdır ki, o səhvləri təkrar eləməyək. Bu baxımdan biz tariximizi bilməli, keçmişimizlə fəxr etməyi, nəticə çıxarmağı bacarmalıyıq. Bugünkü tədbirimizə Azərbaycanın tarixində fövqəladə xidmətləri olan insanlar toplaşıblar. Burada biz Güney Azərbaycanda mübarizə aparmış insanları görürük. Arzu edirəm ki, öz tariximizdən qüvvə almağı bacardığımız kimi bu gün üzərimizə düşən işləri də həyata keçirməyə gücümüz çatsın”.

Müsavat başqanı dedi ki, 2010 necə il olacaq sualının sadə cavabı var: “Biz nə edəcəyiksə , il də elə olacaq. Fədakar olacağıqsa, çox ciddi dəyişikliklərin baş verdiyi bir il olacaq. Gözləmə mövqeyində olacağıqsa, heç nə olmayacaq. Yəni hər şey bizim hər birimizdən asılıdır”.

İsa Qəmbər ölkəmizdə və Güneydə kifayət qədər mürəkkəb proseslərin getdiyindən danışdı: “İranda proseslər geridönməz xarakter alır. İranda 2010-cu ildə dəyişikliklər labüddür. İranda yaşayan insanlar nə cür hərəkət edəcəklərsə, dəyişikliklər də o cür olacaq. İranda keçirilən prezident seçkilərində orada yaşayan Azərbaycan türkləri ortaya fəal mövqe qoymadılar. Dedilər ki, bir dəfə də bizsiz hərəkət edin görək hara qədər gedə biləcəksiniz. Nə oldusa o oldu. İndi yeni bir mərhələ başlayır. Bizim qardaşlarımız İranda baş verən hadisələrlə bağlı vəziyyəti bir daha təhlil edib qərarlarını verməlidirlər. Quzeydə vəziyyət o qədər mürəkkəbdir ki, fəal insanları nəzərə almasan, əksəriyyət deyir ki, biz nə edə bilərik? Biz hər şey edə bilərik. İnsanlara bunu çatdırmalıyıq. Bir çoxları deyir ki, nə edim övladlarıma görə ehtiyatlı olmağa, həqiqətə göz yummağa məcburam. O adamlardan soruşmaq lazımdır ki, siz övladlarınız naminə həqarətlərə dözürsünüz? Bəs bunun nəticəsində yaranmış vəziyyət nədir? Yaranmış vəziyyət odur ki, indi sizin övladlarınız bu ölkədə qalmaq istəmirlər. Bu gün gənclərin böyük hissəsi ölkəni tərk etmək istəyirlər. Biz 2010-cu ildə ölkədə vəziyyəti dəyişdirə bilərik. Buna yetərli iradəmiz, gücümüz var. Lazım olan yalnız bu qərarı birgə verib, birgə icra etməyimizdir. 2010-cu ili qələbələr ilinə çevirə bilərik. Sizin hamınızı 2010-cu ilin Azərbaycan ilinə çevrilməsi uğrunda mübarizəyə çağırıram”.

Müsavat başqanının çıxışından sonra Əbülfəz Elçibəyin 1995-ci ildə yazılmış videoyazısı-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı çıxışı izləndi.
KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışında sərhədlərin götürülməsi üçün 31 dekabr gününün seçilməsinin təsadüfi olmadığından söz açdı: “31 dekabrın seçilməsi Bütöv Azərbaycana gedən yol üçün bir keçid dövrü idi. Azərbaycan qədər həmrəyliyə möhtac olan ikinci bir dövlət yoxdur. Güneyli-Quzeyli Azərbaycanın problemlərinin həllinin yolu həmrəylikdən keçir. Bu gün Təbrizdə, Tehranda baş verənlər bizim üzərimizdə daha böyük vəzifələrin durduğunu göstərir”.
Tarixçi alim Nəsiman Yaqublu çıxışında Azərbaycanda həmrəylik tarixindən söz açdı.

Müsavat Divanın üzvü İbrahim İbrahimli çıxışında bildirdi ki, Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinin məhz 31 dekabr-cənublu qardaşlarımızla aramızda olan sərhədin dağıdılmasıdır: “Bu, bir sərhəd hərəkatı idi. Azərbaycan xalqı, burada əyləşənlər tarix yazıb. Mən arzu edirəm ki, 20 il öncə başladığımız hərəkatı 2010-cu ildə başa çatdırıb prosesə nöqtə qoyaq. Bunun reallaşacağına inanıram”.

Satirik şair Mirzə Sakit dünya azərbaycanlılarını yazdığı şeirlə təbrik elədi.

Mərasim ziyafətlə yekunlaşdı.

Etibar SEYİDAĞA, Yeni Müsavat, 30 dekabr, 2009
http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/67489-%C4%B0SA_Q%C6%8FMB%C6%8FR%C4%B0N_YEN%C4%B0_%C4%B0L_MESAJI