Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub.
Yığıncağın əvvəlində M. Ə. Rəsulzadənin anadan olmasının 126-cı ildönümü ilə bağlı Novxanı qəsəbəsində keçirilmiş tədbir haqqında fikir mübadiləsi aparılıb.

Gündəliyin partiyadaxili məsələlərə aid bölməsində Müsavat Partiyası Seçki Departamentinin bu il keçiriləcək parlament seçkiləri ilə bağlı partiyanın fəaliyyət proqramının ilkin müzakirəsi keçirilib və sənədin daha da təkmilləşdirilməsi üçün tövsiyyələr verilib.

İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı Milli Ordunun hissələrinin birində 6 nəfər hərbçinin həlak olması hadisəsi hərtərəfli müzakirə olunub.
Qeyd edilib ki, orduda analoji hallar vaxtaşırı təkrarlanır. Belə hadisələrin baş verməsinin əsas səbəbi ordudakı qeyri-sağlam mühit, özbaşınalıqlar və qapalılığıdır. Belə ki, vətəndaş cəmiyyətinin orduya nəzarət etməsi üçün heç bir şərait yoxdur. Qeyd edilib ki, baş vermiş hadisəyə görə məsuliyyət birbaşa Ali Baş Komandanın və Müdafiə Nazirinin üzərinə düşür. Divan son olayın ciddi araşdırılmasını və orduda bir daha belə hallar baş verməməsi üçün ciddi islahatlar aparılmasını qətiyyətlə tələb edib. Orduda vəziyyətin partiya tərəfindən diqqət mərkəzində saxlanacağı qeyd edilib, Müsavat Deputat Qrupuna məsələni Milli Məclisdə müzakirəyə çıxarmaq həvalə edilib.

Yığıncağın sonunda Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu və onun mümkün nəticələri haqqında fikir mübadiləsi aparılıb.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 01 fevral 2010-cu il, Bakı