RƏSULZADƏNİN DOĞUM GÜNÜ MÖHTƏŞƏM QEYD OLUNDU
Müsavat və KXCP fəalları Novxanıda ulu öndərin abidəsi önünə toplandı

Dünən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü idi. Rəsulzadənin anadan olmasının 126 illiyini dünən Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) dahi öndərin doğulduğu Novxanı qəsəbəsində böyük mərasimlə qeyd etdilər. Müsavat Partiyası və DUİ adından Rəsulzadənin heykəli önünə əklillər qoyuldu.

Ulu öndərin adını daşıyan parkda onun heykəli önündə keçirilən mərasim Azərbaycanın dövlət himninin oxunması ilə başladı. Mərasimin aparıcısı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rəsulzadənin Azərbaycana xidmətlərindən danışdı. O, qeyd etdi ki, Rəsulzadə Azərbaycan tarixində ən böyük şəxsiyyətdir. Təəssüf ki, belə bir böyük şəxsiyyətə qarşı hazırda Azərbaycan hakimiyyəti tərəfindən ögey münasibət sərgilənir: “Bu gün hakimiyyət istər Rəsulzadənin, istər Xalq Cümhuriyyətinin qurulmasında, idarə olunmasında fəaliyyət göstərmiş digər siyasi xadimlərin, Müsavat Partiyasının fəaliyyətinə kölgə salmağa çalışır. Ancaq bilməliyik ki, bütün Azərbaycan xalqı Rəsulzadənin, onun silahdaşlarının qədrini bilir. Həmin insanların Azərbaycan üçün gördüyü misilsiz işlərdən xəbərdardır və onları sevgi ilə anmaqda davam edir”.

Rəsulzadə irsinin tədqiqatçısı, Müsavat Partiyasının üzvü, professor Nəsiman Yaqublu bildirdi ki, Məhəmməd Əmin o qədər nəhəng şəxsiyyət olub ki, o, antidemokratik rejimlər üçün həmişə böyük problem olaraq qalıb. Bu gün də qalmaqdadır: “XX əsrin əvvəllərində çar Rusiyası dövründə də Rəsulzadə çar hökuməti üçün problem olaraq qalırdı. Hətta onu 1914-cü ildə həbsdə saxlayanda da çar Rusiyasının məxfi sənədlərində də göstərilir ki, bu şəxsiyyətlə, bu insanla biz necə edək? Xalq Cümhuriyyəti 1920-ci ildə sovetlər tərəfindən işğal olunduqdan sonra sovet hakimiyyəti dövründə də bu sual ortaya çıxırdı: Rəsulzadə problemini necə həll edək? Rəsulzadə 71 il ömür yaşadı. Bu 71 ildə heç bir rejim Rəsulzadə problemini həll etməyi bacarmadı. Bundan sonra da hansı qüvvələrin hakimiyyətdə olmasından asılı olmayaraq Rəsulzadə faktoru ilə bacarmaq mümkün olası deyil. Rəsulzadə probleminin həlli o zaman mümkün olacaq ki, onun qoyub getdiyi böyük dəyər və ideyalar cəmiyyətdə tam əksinin tapacaq”.

Rəsulzadənin bütün ömrünün siyasi fəaliyyətdə keçdiyindən danışan N.Yaqublu dahi öndərin ömür yolunun indiyə qədər ictimaiyyətin məlumatsız olduğu səhifələrindən ətraflı danışdı. N.Yaqublunun açıqladığı məlumatlar Rəsulzadənin necə böyük şəxsiyyət olduğunu bir daha ortaya qoydu. Rəsulzadənin hər bir fəaliyyətində, fəaliyyətinin bütün məqamlarında Azərbaycana xidmət, Azərbaycanın müstəqilliyi uğrunda mücadilə görünür.

N.Yaqublunun çıxışından sonra gənc Rəsulzadə sevər İlkin İmanlı dahi öndərin şərəfinə azadlıq, müstəqillik, vətən sevgisini özündə əks etdirən şerlər oxudu.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu çıxışına Azərbaycan xalqını Rəsulzadənin doğum günü münasibətilə təbriklə başladı: “Rəsulzadə kimi böyük insanın doğum günü onun mənsub olduğu xalq, dövlət üçün bayramdır. Biz bu bayramı hər il burada - müqəddəs yerdə keçiririk. Bu yer ona görə müqəddəsdir ki, bura müqəddəs bir insanın - Rəsulzadənin doğulduğu yerdir, burada həmin müqəddəs insanın abidəsi var. Rəsulzadə və silahdaşları bizim üçün bayraq yaratdı, Cümhuriyyət qurdular. Bir xalqa bundan böyük xidmət yoxdur. Rəsulzadə bunu etdi. Ona görə bizim üçün milli, əxlaqi dəyərə çevrildilər, namus, qeyrət rəmzi oldular. Namusun, qeyrətin keşiyində namuslu-qeyrətli insanlar olur. Biz bəzən başqalarından da umuruq ki, Rəsulzadəyə qiymət versinlər. Unuduruq ki, həmin insanlar nə qədər böyük vəzifələrdə olsalar da o haqqa sahib deyillər. Rəsulzadə-Elçibəy ideyaları yaşayır, yaşayacaq və qalib gələcək”.

4-cü sinif şagirdi Zeynəb mərhum xalq şairi Bəxtiyar Vahabzadənin xalq hərəkatı dövründə Rəsulzadənin xatirəsinə həsr etdiyi möhtəşəm “Heykəl məzar” şerini oxudu.

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə çıxışına mərasim iştirakçılarına Rəsulzadə ailəsi adından təşəkkür etməklə başladı: “Biz hamımız hər il yanvarın 31-də bura toplaşırıq. Hava şəraitinin ən sərt olduğu vaxtlarda da sizlər yanvarın 31-də bura toplaşırsınız. Bu, Məhəmməd Əminə böyük sevgidən irəli gəlir. Xalqımız Məhəmməd Əminin Azərbaycan uğrunda gördüyü işləri unutmur. Rəsulzadə bu xalqın qəlbində daim yaşayacaq. Əlbəttə, başqa ölkələrdə respublika yaradanlara dövlət səviyyəsində yüksək münasibət sərgilənir. Onların doğum günləri dövlət səviyyəsində qeyd olunur. Rəsulzadənin doğum gününü bu kənddə onun heykəli önündə sizlərin qeyd etməyinizi mən daha yüksək qiymətləndirirəm”.

A.Hacılı Rəsulzadənin Azərbaycan üçün yaratdığı ən böyük abidələrdən birinin Müsavat Partiyası olduğunu bildirdi və çıxış üçün söz Müsavat başqanı İsa Qəmbərə verildi. İsa Qəmbər bildirdi ki, hər bir millətin yaradıcılığında ən yüksək zirvə dövlət yaradılmasıdır: “Və millətin insanları içində ən şərəfli, ləyaqətli insanlar o dövləti quranlardır. Bizim demokratik respublikanı quran insanların başında böyük Məhəmməd Əmin Rəsulzadə gəlir. Yalnız bu keyfiyyətinə görə Rəsulzadə tarixdə qalası insandır. Amma bu, bizim Rəsulzadəyə ilkin yanaşmamızdır. Rəsulzadəni öyrənməyə başlayandan sonra bu insan qarşısında valeh olmamaq, heyrətə gəlməmək mümkün deyil. Biz 20 ildən çoxdur ki, hər il yanvarın 31-də və 28 mayda bu gözəl Novxanı kəndinə gəlirik. Böyük şəxsiyyəti anırıq. Onu xalqımıza və bütün dünyaya bəxş edən Novxanı camaatına da şükranlığımızı bildiririk. Rəsulzadənin bütün həyatı millətə xidmətdir. Onun həyatını, yaradıcılığını araşdıranda bircə məqam tapmaq olmur ki, o, bu xidmətdən bir addım geriyə dursun, bir addım güzəştə getsin, bir addım milləti yox, özünü düşünsün. Onun həyatında belə bir səhifə yoxdur. Bu, qeyri-adi, heyrətamiz bir faktdır. Yəni istənilən insanda bir zəiflik tapıla bilər. Ancaq Rəsulzadəni araşdıranda zəif nöqtəni görmək mümkün deyil. Çünki belə bir zəif nöqtə yoxdur. Zaman keçdikcə, Şirməmməd Hüseynli, Nəsiman Yaqublu, Aydın Balayev, Cəmil Həsənli və digər araşdırıcıların araşdırmaları sayəsində biz Rəsulzadəni daha çox tanımağa başlayırıq. Digər tərəfdən, isə bəzilərinin Rəsulzadənin yanaşı qoymağa çalışdığı adamların bioqrafiyası aydınlaşmağa başlayır. Bu günlərdə Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Məşədi Əzizbəyov haqqında fakt ortaya qoydu. Məlum oldu ki, bu adam da 1918-ci ildə xalqımıza qarşı qırğınlarda iştirak edənlərdən biri olub. Professor Cəmil Həsənli isə araşdırma ilə ortaya qoydu və bəlli oldu ki, 1919-cu ildə Rusiyada müzakirə olunanda ki, bəlkə Azərbaycan Xalq Cümhuriyyəti dövlət kimi tanınsın, bunun əleyhinə olanlardan biri də Nəriman Nərimanov olub. Bu gün Nərimanovla Rəsulzadənin yanaşı qoymaq istəyənlər görməlidir axı kimləri müqayisə edirlər. İnsanlar Rəsulzadəyə ürəkdən gələn inamla məhəbbətlərini izhar edirlər. Rəsulzadə yolu bizi qələbələrə çatdıracaq”.

İ.Qəmbərin çıxışından sonra Rəsulzadənin şərəfinə möhtəşəm atəşfəşanlıq oldu. Mərasim dövlət himninin oxunması ilə yekunlaşdı. Daha sonra öndə Müsavat və KXCP rəhbərliyi olmaqla mərasim iştirakçıları Novxanı qəbiristanlığına gedərək Məhəmməd Əmin Rəsulzadənin atasının və oğlu Azər Rəsulzadənin məzarlarını ziyarət etdilər. Məzarların üzərinə qərənfillər düzdülər. Quran oxundu.

İ.Qəmbər məzarların önündə qısa çıxış edərək Rəsulzadə ailəsinin Azərbaycan xalqı üçün ən əziz ailə olduğunu bildirdi. O, Rəsulzadə ailəsinin üzvlərinin hər cür hörmətə layiq olduğunu vurğuladı. Quran oxunandan sonra mərasim yekunlaşdı.

Etibar SEYİDAĞA

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/69572-R%C6%8FSULZAD%C6%8FN%C4%B0N_DO%C4%9EUM_G%C3%9CN%C3%9C_M%C3%96HT%C6%8F%C5%9E%C6%8FM_QEYD_OLUNDU

Yeni Müsavat, 01 fevral 2010-cu il, Bakı