Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Toplantının əvvəlində İkram İsrafil Milli Məclisin nümayəndə heyəti tərkibində
iştirak etdiyi Budapeştdə keçirilmiş beynəlxalq konfrans haqqında məlumat verdi.
Arif Hacılı, Qubad İbadoğlu və Tofiq Yaqublunun Azadlıq Naminə Fridrix Nauman
Fondunun Tiflisdə keçirilmiş tədbirində iştirakları haqqında məlumatları
dinlənildi.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ölkədəki seçkiöncəsi şərait
və parlament seçkilərində demokratik qüvvələrin əməkdaşlığı barədə müzakirələr
davam etdirilib və konkret qərarlar qəbul edilib. Ölkədəki seçkiöncəsi şəraitin
demokratikləşməsi və Seçki Məcəlləsinin təkmilləşdirilməsi, o cümlədən seçki
komissiyalarının paritet əsaslarla formalaşdırılması, Seçki Məcəlləsində
namizədlərin qeydə alınması zamanı depozit qaydasının bərpa olunması,
proposional seçki sisteminin bərpa edilməsi, sərbəst toplaşmaq azadlığının
bərqərar edilməsi, siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi
istiqamətində mart ayından əməli tədbirlərə başlamaq qərara alınıb. Müsavat
Partiyası demokratik inkişaf yolunun tərəfdarı olduğunu bəyan etmiş bütün
ictimai-siyasi qüvvələri bu istiqamətdə əməkdaşlığa dəvət edir.
Divan eyni zamanda 2010-cu il parlament seçkilərində müxalifətin birgə iştirakı
ilə bağlı partiyanın son aylarda dəfələrlə bəyan etdiyi mümkün koalisiya
təklifini bir daha ictimaiyyətin diqqətinə təqdim edir. Müsavat Partiyası
seçkilərdə real müxalifətin birliyini və güclü namizədlər ideyasını təklif edir.
Nüvəsində Müsavat, AXCP, KXCP kimi Rəsulzadə-Elçibəy ideyasına sadiq olan
partiyaların dayandığı belə bir birliyə digər partiyaların, ictimai
təşkilatların, güclü namizədlərin cəlb edilməsi mümkün və məqsədəuyğun hesab
edilir.
Divan demokratik ictimaiyyəti görkəmli jurnalist Elmar Hüseynovun xaincəsinə
qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı bu günlərdə keçiriləcək tədbirlərdə
fəal iştirak etməyə çağırır.
Böyük öndər M. Ə. Rəsulzadənin vəfatının 55-ci ildönümü ilə bağlı tədbir
keçirilməsi qərara alınıb. Tədbirdə Aydın Balayevin M. Ə. Rəsulzadə haqqında
yeni kitabının təqdim edilməsi nəzərdə tutulur.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 01 mart 2010-cu il, Bakı