Müsavat Partiyasının Bəyanatı

Müsavat Partiyası Divanı 29 noyabr 2010-cu il tarixli toplantısı haqda məlumatda İbrahim İbrahimlinin partiya rəhbərliyinin ona etimad göstərmədiyini bildirərək partiyadan, Sülhəddin Əkbərin isə partiyanın strateji kursu ilə razılaşmadığını əsas gətirərək partiyada tutduğu vəzifələrindən istefası, bu istefaların partiya Divanı tərəfindən təəssüflə qarşılandığı barədə bilgi verilib.

Müsavat Partiyası İbrahim İbrahimli və Sülhəddin Əkbərin bir gün sonra yaydıqları bəyanatı təəccüblə qarşılayıb. Belə ki, İbrahim İbrahimli və Sülhəddin Əkbər həmin bəyanatlarında Müsavat Partiyası sıralarını tərk etdiklərini bildirmiş, bunun səbəbi kimi guya Müsavat Partiyasının Divanında müxalifətin inteqrasiyası ilə bağlı aparılan müzakirələr nəticəsində Divan üzvlərinin əksəriyyətinin müxalifətin inteqrasiyasında maraqlı olmamaları, o cümlədən, Müsavat və AXCP-nin birləşməsi ilə bağlı mənfi qərarın qəbul edilməsi ilə əsaslandırmışlar.

Müsavat Partiyası bu partiyada uzun illər fəaliyyət göstərmiş şəxslərin partiya sıralarından çıxmasını təəssüflə qarşıladığını bir daha qeyd etməklə yanaşı bildirir ki, istefaların səbəbləri barədə İbrahim İbrahimli və Sülhəddin Əkbərin 30 noyabr tarixdə yaydıqları bəyanatlarında açıqladıqları fikirlərdən fərqli olaraq partiyanın strateji xəttində heç bir dəyişiklik baş verməyib. Partiya eyni zamanda müxalifətin inteqrasiyası istiqamətində ardıcıl və sistemli iş aparır.

Müsavat Partiyası bəyan edir ki, Rəsulzadə-Elçibəy yoluna bağlı olan siyasi qüvvələrin bir araya gəlməsi, nüvəsində Müsavat və AXCP-nin dayandığı siyasi birliyin yaradılmasını dəstəkləyir, o cümlədən, bu yolda olan partiyaların vahid bir təşkilatda birləşməsi ideyasını mümkün sayır.

Hazırda partiya strukturlarında qeyd edilən istiqamətlərdə inteqrasiyanın forması, ardıcıllığı və mərhələləri barədə müzakirələr aparılır. Bu müzakirələr yekunlaşdıqdan sonra Azərbaycan cəmiyyətinin, demokratik qüvvələrin, habelə Müsavat Partiyasının maraqlarını ifadə edən, Müsavat Partiyasının Nizamnaməsinə uyğun olan müvafiq qəraralar qəbul ediləcək.

Müsavat Partiyası bəyan edir ki, avtoriatar rejimin yaratdığı bütün problemlərə, siyasi fəaliyyətlə məşğul olmağın yaratdığı mərhumiyyətlərə və bütün çətinliklərə baxmayaraq bundan sonra da öz strategiyasına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, cəmiyyətin demokratikləşməsi, xalqımızın firavanlığı və ölkəmizin azad dünyanın bir hissəsinə çevrilməsi uğrunda öz fəaliyyətini davam etdirəcək.

isagambar.az, 01 dekabr 2010-cu il, Bakı