“AXCP–Müsavat” siyasi partiyalar blokunun B Ə Y A N A T I

1.
“AXCP-Müsavat” siyasi partiyalar bloku bildirir ki, blokun namizədlərinə qarşı bütün mərhələlərdə ayrıseçkilik halları müşahidə edilməkdədir. Belə münasibət xüsusən siyasi partiyaların blokundan irəli sürülən namizədlərin sənədlərin qəbulu ilə bağlı məhdudiyətlərdə özünü göstərir.

Bayramov Qubad İbad oğlu 20 saylı Nərimanov ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş və imza vərəqələri götürmüşdür. Sonradan “AXCP-Müsavat” siyasi partiyalar bloku da onun namizədliyini irəli sürmüşdür. 01 noyabr 2010-cu il tarixində onun səlahiyyətli nümayəndəsi tərəfindən sənədlər seçki dairəsinə təqdim edilsə də, DSK-nın sədri sənədləri qəbul etməkdən imtina etmiş, yalnız onun öz namizədliyini geri götürdükdən sonra bunun mümkün olacağını bildirmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 9-cu bəndinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.9-cu maddəsinə əsasən seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir, müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.

Seçki qanunvericiliyində bir şəxsin müxtəlif formalarda eyni vaxtda namizədliyini irəli sürmək barədə qadağa yoxdur. Digər tərəfdən, komissiya sənədləri qəbul etməkdən imtina edə bilməz, namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Bütün bunlar komissiyanın sədrinə bildirilsə də, o, hərəkətsizlik etmiş, qanunsuzluğu davam etdirmişdir. Bununla da DSK-nın sədri Seçki Məcəlləsi ilə ona həvalə edilmiş xidməti vəzifəni icra etməmişdir.
“AXCP-Musavat” siyasi partiyalar bloku hesab edir ki, dairə seçki komissiyalarının blokun namizədlərinə belə münasibəti məqsədli xarakter daşıyır və həmin namizədlərin qeydə alınmasında süni problemlərin yaranmasına xidmət edir. “AXCP-Musavat” siyasi partiyalar bloku bundan ciddi narahatlığını ifadə edərək bəyan edir ki, belə bir hal indiki seçkilərdə namizədlərin bərabər imkanlar prinsipinin kobud şəkildə pozulmasıdır.

“AXCP-Musavat” siyasi partiyalar bloku siyasi hakimiyyəti seçkilərin qanuniliyini indidən şübhə altına alan belə arzuolunmaz halın dərhal aradan qaldırılmasını tələb edir.

2.
“AXCP-Müsavat” siyasi partiyalar blokunun namizədlərinin seçki hüquqlarının pozulmasını təsdiqləyən yeni faktlar ortaya çıxıb. 47 saylı Mingəçevir seçki dairəsindən blokun vahid namizədi Nəriman Yəhyayevə dairə seçki komissiyasından verilmiş 11 ədəd imza vərəqəsini doldurub. Bu gün blokun səlahiyyətli nümayəndəsi Süleyman Kərimovun verdiyi məlumata görə, Nəriman Yəhyayevə rayonun hüquq-mühafizə orqanları və icra hakimiyyətinin təmsilçiləri tərəfindən açıq şəkildə xəbərdarlıq edilərək, namizədliyindən imtina etməsi haqqında ərizə yazması tələb olunub. Əks təqdirdə, Nəriman Yəhyayevin üzərindən məhkumluğun ödənilməsi haqqında məhkəmə qərarından əvvəlki tarixlə apellyasiya şikayəti veriləcəyi və məhkəmənin qərarının ləğv ediləcəyi bildirilib. Bu şərtləri qəbul etməyən N.Yəhyayev yenidən adıçəkilən orqanlara dəvət olunub və ona mənəvi təzyiqlər davam edir.

“AXCP-Müsavat” siyasi partiyalar bloku bütün bu halların namizədin seçki hüququnun, xüsusən seçki kampaniyası dövründə bərabər rəqabət aparmaq hüququnun pozulması ilə yanaşı, blokun pulsuz efir vaxtından istifadə edə bilməsinin qarşısının alınmasına yönəlmiş siyasi qərar olduğunu bir daha bəyan edir, 47 saylı Mingəçevir seçki dairəsində baş verən qanuna zidd hərəkətlərə qətiyyətlə etiraz edirək, namizədlərin sıradan çıxarılması üçün istifadə edilən süni əngəllərin aradan qaldırılmasını tələb edir.

isagambar.az, 02 oktyabr 2010-cu il, Bakı