Müsavat Partiyasının bəyanatı
Məlum olduğu kimi, bu gün Müsavat Partiyası və DUİ “Elmlər Akademiyası” bağı və
Hüseyn Cavid parkı ərazisində birgə etiraz aksiyası keçirib. “Sərbəst Toplaşma
Haqqında” Qanunun müddəalarına əməl etməməyə adət etmiş hakimiyyət strukturları
bu mitinqin baş tutmaması üçün əlindən gələni əsirgəmirdi. Gənclər Təşkilatının
sədr müavini Rüfət Hacıbəyliyə qeydiyyatda olduğu Ağcabədi rayonundakı, Müsavat
GT-nin üzvü Ramil Baxışa Qəbələ rayonu, Vəndam kəndindəki, Müsavat GT-nin üzvü
Mürşüd Şahvələdovun Quba şəhərindəki, Müsavat GT-nin üzvü Zaur Şirinlinin
Binəqədi rayonundakı yaşadığı ünvanlarına polis müdaxilələri çoxalıb, onlara
qarşı axtarış elan edilib. Müsavat GT-nin Sumqayıt şəhərində yaşayan üzvləri
Elçin Səlimov və Tural Sultanı Sumqayıt Şəhər Polis İdarəsinə çağırmaqla, onlara
qarşı da analoji tələblər irəli sürülüb. Hətta Müsavat GT-nin əksər üzvlərinə
partiyanın keçirəcəyi tədbirlər barədə əvvəlcədən gizli şəkildə məlumat
vermələri də tələb olunub. 02 iyuldan 03 iyula keçən gecə isə polis ən adi
qanunlara məhəl qoymadan evlərə soxularaq Müsavat Partiyası Gənclər Təşkilatının
sədri Tural Abbaslını, Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd
Məmmədlini, Müsavat Partiyası Mətbuat Xidmətinin əməkdaşı Yalçın Abbaslını və
bitərəf Rəşadət Axundovu həbs edərək naməlum istiqamətə aparmışlar.
Güc strukturları mitinqçilərə qarşı amansız davranışına baxmayaraq Müsavat və
DUİ üzvləri mitinqi uğurla keçirməyə müvəffəq olmuşlar. Belə ki, 100-dən çox
mitinqçi BDU-nun qarşısından hərəkətə keçərək “Azadlıq”, “Azad seçki” şüarlarını
qışqıraraq, əllərindəki eyni məzmunlu plakatları açaraq, əvvəl metronun “Elmlər
Akademiyası” stansiyasına, oradan H. Cavid adına bağa, daha sonra isə Milli
Elmlər Akademiyasının bağına doğru irəliləyərək, orada mitiq keçirən DUİ üzvləri
ilə birləşmişlər. Burada təpədən-dırnağa qədər xüsusi vasitələrlə təchiz edilmiş
çoxsaylı polis dəstələri mitinqçilərə hücum etmiş və onları həbs etməyə
başlamışlar. Həbs olunan 100-ə qədər adam 4 avtobusa əyləşdirilərək şəhərin
“Qurd Qapısı” deyilən səmtinə aparılıblar. Orada həbs edilənlər partiyalarda
tutduqları vəzifələrə görə bölüşdürülərək, yenidən avtobuslara mindiriliblər.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılını, “Demokrat”
qəzetinin Baş redaktoru Mustafa Hacıbəylini, KXCP sədrinin müavini Xəzər
Teyyubu, Müsavat Partiyası Sumqayıt Şəhər Təşkilatının sədri Fəxrəddin Abbası,
Müsavat Partiyası Sabirabad Rayon Təşkilatının sədri Azər İsmayılı və daha 3
nəfəri ümumi tutulanlardan ayıraraq Yasamal Polis İdarəsinin 28-ci bölməsinə
aparıblar. Bunun arxasında məkrli niyyətlərin dayandığı şübhəsizdir.
Müsavat Partiyası bu cür qanunsuzluqlara qəti etirazını bildirir və həbs
edilənlərin tezliklə azad edilməsini tələb edir.
Müsavat Partiyası hesab edir ki, uğurlu həyata keçirilmiş mitinq və yürüş
ölkədəki ictimai-siyasi mühitin dəyişməsinə müsbət təsir göstərəcək və
seçkiqabağı mühitin xeyli canlanmasına gətirib çıxaracaqdır.
03 iyul 2010-cu il
Müsavat Partiyasının və DUİ-nin 03 iyul
2010-cu il tarixdə keçirdiyi mitinqdə həbs olunanların s i y a h ı s ı
(yenilənib)
1. Tural Abbaslı – Müsavat Partiyası Gənclər Təşkilatının sədri
2. Əhəd Məmmədli - Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini
3. Yalçın Abbaslı - Müsavat Partiyasnın üzvü
4. Rəşadət Axundov – bitərəf
5. Arif Hacılı – Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri
6. Mustafa Hacılı – “Demokrat” qəzetinin Baş redaktoru
7. Rauf Səlimov – Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü
8. Sənani Hüseynov - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü
9. Nemət Əliyev - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü
10. Zaur Şirinli - Müsavat Partiyası Binəqədi Rayon Təşkilatının üzvü
11. Çingiz Əli - Müsavat Partiyası Binəqədi Rayon Təşkilatının üzvü
12. Fəxrəddin Abbas - Müsavat Partiyası Sumqayıt Şəhər Təşkilatının sədri
13. Hüseyn Məlik – Müsavat Partiyası Səbail Rayon Təşkilatının sədri
14. İlqar Bayramlı - Müsavat Partiyası Sumqayıt Şəhər Təşkilatının üzvü
15. Tural Soltan - Müsavat Partiyası Sumqayıt Şəhər Təşkilatının üzvü
16. Bəhruz Əsədbəyli – Müsavat Partiyası Sumqayıt Şəhər Təşkilatının üzvü
17. Səxavət Soltan - Müsavat Partiyası Gənclər Təşkilatının üzvü
18. Şamil Heydərov - Müsavat Partiyası Gənclər Təşkilatının üzvü
19. Ramil Baxışov - Müsavat Partiyası Gənclər Təşkilatının üzvü
20. Rəşad Əliyev - Müsavat Partiyası Gənclər Rayon Təşkilatının üzvü
21. Mürşüd Şahvələdov - Müsavat Partiyası Gənclər Rayon Təşkilatının üzvü
22. Əflatun Məmmədov - Müsavat Partiyası Gənclər Rayon Təşkilatının üzvü
23. Rüfət Hacıbəyli - Müsavat Partiyası Gənclər Rayon Təşkilatının üzvü
24. Kərim Ağarzayev - Müsavat Partiyası Salyan Rayon Təşkilatının üzvü
25. Elşad Həsənli - Müsavat Partiyası Sabunçu Rayon Təşkilatının üzvü
26. Azər İsmayıl - Müsavat Partiyası Sabirabad Rayon Təşkilatının üzvü
27. Aydın Qədimov – Müsavat Partiyasının üzvü
28. Elşad Musayev – Böyük Azərbaycan Partiyasının sədri
29. Xəzər Teyyublu – KXCP-nin üzvü
30. Barat Muxtarov – KXCP-nin üzvü
31. Cavid Mehrəliyev – KXCP-nin üzvü
32. Tofiq Adışirinli – KXCP-nin üzvü
33. Vüqar Bayramlı – KXCP-nin üzvü
34. Əlisəfa Ramazanlı – KXCP-nin üzvü
35. Hüseyn Həsənov – KXCP-nin üzvü
36. İsmayıl Yusifov – KXCP-nin üzvü
37. Mənsur Hüseyn – AXP-nin üzvü
Qeyd: Bundan əlavə adları hələlik bizə məlum olmayandigər şəxslər, o
cümlədən bir jurnalist və 2 bitərəf saxlanılıb.
03 iyul 2010-cu il
Xəbər verdiyimiz kimi, hələ bir neçə gün əvvəldən polis Müsavata Partiyasının
fəallarına qarşı təqib və təzyiq kampaniyasına başlamışdı. Bu barədə partiyanın
və Müsavat Gənclər Təşkilatının yaydıqları bəyanatda ətraflı məlumat verilmişdi.
Bildirilmişdi ki, Gənclər Təşkilatının sədr müavini Rüfət Hacıbəyliyə
qeydiyyatda olduğu Ağcabədi rayonundakı, Müsavat GT-nin üzvü Ramil Baxışa Qəbələ
rayonu, Vəndam kəndindəki, Müsavat GT-nin üzvü Mürşüd Şahvələdovun Quba
şəhərindəki, Müsavat GT-nin üzvü Zaur Şirinlinin Binəqədi rayonundakı yaşadığı
ünvanlarına polis müdaxilələri çoxalıb, onlara qarşı axtarış elan edilib.
Müsavat GT-nin Sumqayıt şəhərində yaşayan üzvləri Elçin Səlimov və Tural Sultanı
Sumqayıt Şəhər Polis İdarəsinə çağırmaqla, onlara qarşı da analoji tələblər
irəli sürülüb. Hətta Müsavat GT-nin əksər üzvlərinə partiyanın keçirəcəyi
tədbirlər barədə əvvəlcədən gizli şəkildə məlumat vermələri də tələb olunub.
Müsavatçılara təzyiqlər durmadan artmaqda davam edir. Təbii ki, bütün bunlar
hamısı partiyanın bu gün saat 17:00-da “Elmlər Akademiyası” metrostansiyası
yaxınlığında, Hüseyn Cavid bağı yaxınlığında keçirməyi nəzərdə tutduğu mitinqlə
bağlıdır. Bu gün səhərdən Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı,
onun müavini Əhəd Məmmədli, təşkilatın üzvü Yalçın Abbaslı polis tərəfindən həbs
edilib.
Bununla polislər gənclərin nəzərdə tutulan aksiyada fəallıq göstərmələrinin
qarşısını aımaq istəyirlər.
Onu da qeyd edək ki, müsavatçı gənclərə qarşı bu ilk “profilaktik tədbir” deyil.
Hər dəfə ütriaz aksiyasından öncə onları həbs edir, saxlayır, bəzən isə 10-15
sutka həbs cəzası kəsirlər.
Müsavat Partiyası və DUİ-yə daxil olan
partiyaların 03 iyul 2010-cu il tarixli birgə mtinqinin Qətnaməsi
Azərbaycan hökumətinin yeritdiyi səriştəsiz siyasət nəticəsində ölkədə
ictimai-siyasi və sosial-iqtisadi vəziyyət ağır həddə çatıb. Milli sərvətlərin
talan edilməsi, korrupsiya, rüşvətxorluq, azad fikirli insanların, siyasi
rəqiblərin, müstəqil və müxalifət mətbuatının, ayrı-ayrı jurnalistlərin müntəzəm
olaraq təqiblərə və repressiyalara məruz qalması rəsmi dövlət siyasətinə
çevrilib. On illərdir öyündükləri balanslaşdırılmış xarici siyasət tam iflasa
uğrayıb və Azərbaycan faktiki olaraq dünyada tək qalıb.
İstər prezident, istər parlament, istər bələdiyyə seçkiləri, istərsə də müxtəlif
məsələlər üzrə keçirilən referendumlar getdikcə daha dəhşətli və ağlasığmaz
saxtakarlıqlarla müşaiyət olunur. Hakimiyyət artıq çoxdan çökmüş siyasi və
iqtisadi sistemin islah edilməsi üzərində nəinki düşünmək istəmir, heç istəsə də
bunu bacarmaq qabiliyyətində deyil. Xalqın, ictimai təşkilatların, ayrı-ayrı
ziyalıların, eləcə də nüfuzlu beynəlxalq qurumların tənqid və iradlarına
əhəmiyyət verilmir, vəziyyəti düzəltmək üçün onların irəli sürdüyü tövsiyə və
təkliflərə əməl olunmur. Bir sözlə, ölkə orta əsrlərin feodal idarəçilik
sisteminə sürüklənir ki, bu da bir millət və xalq olaraq hər bir Azərbaycan
vətəndaşının heysiyyatına təhqirdir.
Mitinq iştirakçıları ölkədəki ictimai-siyasi və sosial-iqtisadi durumun köklü
şəkildə dəyişdirilməsini vacib hesab edir və bunun üçün parlament seçkilərinin
keçiriləcəyi 2010-cu ili böyük fürsət ili kimi dəyərləndirir. Ona görə də biz
qarşıdan gələn parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün bir sıra
vacib tədbirlərin həyata keçirilməsini zəruri sayırıq. Mitinqdə səslənən şüar və
təklifləri xalqın iradəsinin təzahürü hesab edərək, hakimiyyətdən tələb edirik:
1. Vətəndaşların sərbəst toplaşmaq azadlığı təmin edilsin və mitinq, küçə
yürüşləri, digər kütləvi aksiyalar üçün şəhərin mərkəzində müvafiq yerlər
ayrılsın.
2. Seçkiqabağı tam demokratik rəqabət şərait yaradılsın, seçki komissiyaları
iqtidar və müxalifət arasında paritet əsaslarla yaradılsın.
3. Müxalifət partiyalarına, müxalif siyasi fəallara, müstəqil mediaya və
jurnalistlərə qarşı təqib və repressiyalara son qoyulsun.
4. Elektron KİV-lər, xüsusilə AzTV və İTV üzərində total nəzarət ləğv edilsin”.
isagambar.az, 03 iyul 2010-cu il, Bakı