Müsavat Partiyasının bəyanatı

Son dövrlərdə qondarma ittihamlarla həbs edilmiş tanınmış jurnalist Eynulla Fətullayevin həyatına təhlükənin artması ilə bağlı məlumatlar intensivləşib. Eynulla Fətullayev həbsxanadan beynəlxalq təşkilatlara və yerli dövlət qurumlarına ünvanladığı müraciətində onun həyatına sui-qəsd edilə biləcəyini açıqlayıb. Həbsdəki jurnalist həmçinin məlumat yayıb ki, 2005-ci ildə qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölümündə MTN zabiti Akif Çovdarovun təşkilatçı olması barədə onda məlumatlar var. Müsavat Partiyası tələb edir ki, Eynulla Fətullayevin müraciətindəki məlumatlar ciddi araşdırılsın, istintaqın gedişi ilə bağlı ictimaiyyətə məlumat verilsin.

Müsavat Partiyası E. Fətullayevin həyatına yaranmış təhlükədən narahatlığını bildirir, onun həyat və təhlükəsizliyinə bilavasitə iqtidarın məsuliyyət daşıdığını bəyan edir və hüquq-mühafizə orqanlarından Eynulla Fətullayevin təhlükəsizliyinə təminat vermələrini tələb edir.

isagambar.az, 04 mart 2010-cu il, Bakı