“AXCP–Müsavat” siyasi partiyalar blokunun B Ü L L E T E N İ

“AXCP-Müsavat” siyasi partiyalar blokunun namizədlərinə əlavə imza vərəqələri verməkdən imtina edilir

İmzatoplama kampaniyasının başa çatması və sənədlərin dairə seçki komissiyalarına təqdim olunması ərəfəsində “AXCP-Müsavat” siyasi partiyalar blokunun namizədlərinə problemlər yaradılması faktları davam etməkdədir. Belə ki, imzatoplama kampaniyasının bitməsinə 3 gündən də az vaxt qalmasına baxmayaraq, əksər dairələrdə namizədlərin yetərli imza vərəqələri ilə təmin edilməsindən imtina edilir. Namizədliyin təsdiq olunmasının ilkin mərhələsində 4 saylı Naxçıvan şəhər seçki dairəsində Quliyev Asəf Əli oğluna 10, 14 saylı Xəzər ikinci seçki dairəsində Dadaşzadə Əmirulla Balahüseyn oğluna 10, 32 saylı Suraxanı üçüncü seçki dairəsində Əsədzadə Əsəd İbrahim Əjdər oğluna 11, 36 saylı Xətai dördüncü seçki dairəsində Həziyev Seymur Məşgül oğluna 10, 46 saylı Şirvan seçki dairəsində Zahidov Sakit Səlim oğlu 10, 48 saylı Yevlax seçki dairəsində İskəndərli Şəkər Şükür qızına 11, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsində Məmmədov Asif Xəlil oğluna 10, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsində Soltanov Səxavət Şirsoltan oğluna 10, 64 saylı Sabirabad ikinci seçki dairəsində Hacıyev Xalıq Bahadır oğluna 10, 66 saylı Biləsuvar seçki dairəsində Muradlı Teyyub Əbil oğluna 11, 67 saylı Cəlilabad şəhər seçki dairəsində Mirələmli Təzəxan Məhərrəm oğluna 10, 76 saylı Lənkəran-Astara seçki dairəsində Hüseynov Xaliddin Əmir oğluna 10, 77 saylı Astara seçki dairəsində Əliyev Tarif Vəli oğluna 10, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Məmmədov Ramiz Xalid oğluna 11, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsində Aslanov Qələndər Məhəmmədəli oğluna 11, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsində Rüstəmov Elçin Məsim oğluna 10, 109 saylı Balakən seçki dairəsində Mehdili Məhərrəm Nəriman oğluna 10, 111 saylı Zaqatala-Balakən seçki dairəsində Alqayev Fikrət Amil oğluna 10, 116 saylı Qəbələ seçki dairəsində Quliyev İlham Nəriman oğluna 11, 119 saylı Ağdam kənd seçki dairəsində Bayramov Mənsum İbrahim oğluna 10 imza vərəqəsi verilib. Buna etiraz edən namizədlərə bildirilib ki, bu tapşırıq Mərkəzi Seçki Komissiyasındandır, əlavə imza vərəqəsinə ehtiyac olarsa, ərizə ilə müraciət etməklə yenə də vərəqələr ala bilərsiniz. İndiki mərhələdə isə əlavə imza vərəqəsi üçün müraciət edənlərə dairə seçki komissiyalarından “imza vərəqəsi yoxdur, bunun üçün biz Mərkəzi Seçki Komissiyasından icazə almalıyıq” cavabı verilir və beləliklə, namizədlərə və ya onların səlahiyyətli nümayəndələrinə əlavə imza vərəqəsi verilməsindən faktiki imtina edilir.

İmza vərəqəsini təhvil verən iqtidar nümayəndələrinin kütləvi informasiya vasitələrində verdikləri məlumatlardam məlum olur ki, onlara imza vərəqəsi verilərkən heç bir məhdudiyyət tətbiq olunmayıb. Bu da seçki kampaniyasında namizədlərin bərabər rəqabət hüququnun pozulması deməkdir.

Səlahiyyətli nümayəndələrə, imza verənlərə və imza toplayanlara təzyiqlər edilir

Əksər seçki dairələrində qeyri-rəsmi fövqəladə vəziyyət rejimi hökm sürür. Namizədlərə, onların yaxınlarına, seçki qərargahlarının üzvlərinə psixoloji təzyiqlər gün-gündən artmaqdadır. 14 saylı Xəzər ikinci seçki dairəsində, 64 saylı Sabirabad ikinci seçki dairəsində, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində, 67 saylı Cəlilabad şəhər seçki dairəsində, 93 saylı Bərdə şəhər seçki dairəsində, 95 saylı Tərtər seçki dairəsində, 103 saylı Gədəbəy seçki dairəsində imza toplayanlara müxtəlif formalarda təzyiqlər edilir, imza toplayan şəxslər qohumlarının işdən çıxarılacaqları ilə hədələnir, imza verənlər imzalarından imtina etməyə təhrik edilir, əhalidən kütləvi surətdə vaxtının ötməsi bəhanəsi ilə şəxsiyyət vəsiqələri yığılır. 113 saylı Şəki şəhər seçki dairəsində namizədlərin səlahiyyətli nümayəndəsi Əli Abdullayevin işlədiyi ticarət köşkünə polis basqını düzənləyiblər, qanunsuz olaraq 2 dəfə polisə aparıblar, ticarət köşkünün sahibinə təzyiqlər edilib ki, icarəyə verməkdən imtina etsin, seçki qərargahında namizədə köməklik edən Həsənov İlyas icra hakimiyyətinə çağrılaraq Şəki şəhər idman kompleksinin rəhbəri tərəfindən ona bildirilib ki, işdən azad ediləcək.

isagambar.az, 04 oktyabr 2010-cu il, Bakı