Müsavat Partiyasının bəyanatı
ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul
edilməsi qərb dünyasında, o cümlədən ABŞ-da dövlətlərarası münasibətlərə ikili
standartlarla yanaşmanın təzahürüdür. Tarixçilərin və digər araşdırmaçı
alimlərin işi olan bu məsələnin Konqresdə müzakirəsi bölgədəki proseslərə mənfi
təsiri qaçılmazdır. Çünki xəstə təxəyyülün məhsulu olan uydurma soyqırım
iddialarının bu dərəcədə şişirdilməsi regionun aparıcı dövləti olan Türkiyəyə
qarşı haqsız təzyiq vasitəsindən başqa bir şey deyil.
1915-ci ildə baş vermiş bu hadisələrə belə canıyananlıqla münasibət bəsləyən
konqresmenlərin son 20 ildə Azərbaycana qarşı təcavüzkar siyasətə, bu siyasətdən
doğan soyqırım hadisələrinə və insanların öz doğma torpaqlarından etnik
təmizləməyə məruz qalmasına biganə yanaşması da xeyli suallar doğurur.
Müsavat Partiyası dünyada demokratiyanın və insan haqlarının mühüm istinadgahı
kimi tanınan ABŞ-ın bu hərəkətlərindən narahatdır və bunu bölgədəki vəziyyətin
daha da gərginləşməyinə xidmət edən addım kimi qiymətləndirir. Ona görə də biz
ABŞ konqresini bu qətnamə layihəsini, ümumiyyətlə, müzakirəyə çıxarmamağa,
Türkiyənin haqlı mövqeyinə dəstək verməyə çağırırıq.
isagambar.az, 05 mart 2010-cu il, Bakı