Müsavat Pariyası mitnqlərlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab H. Abutalıbova

Hörmətli cənab Abutalıbov!

Müsavat Partiyası Azərbaycanın bir sıra ümummilli problemləri, ərazilərimizin işğalı ilə əlaqədar yaranmış indiki şərait, vüsət almış korrupsiya və maliyyə böhranının ağır nəticələri, eyni zamanda 2010-cu ilin noyabrında tarixdə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı bir sıra demokratik islahatların həyata keçirilməsi və digər tələblərlə kütləvi aksiyalar keçirmək niyyətindədir.

Son illərdə piketlərin, yürüşlərin, mitinqlərin keçirilməsi üçün məqbul yerlərin ayrılmaması, belə tədbirlərin keçirilməsi ilə əlaqədar müraciətlərin əksəriyyətinə qanuna və Konstitusiyaya zidd olaraq rədd cavabı verilməsi, bəzi hallarda belə tədbirlərin keçirilməsi üçün məqbul olmayan ərazilərin göstərilməsi ölkədə fundamental demokratik hüquqlardan hesab olunan sərbəst toplaşmaq hüququnun faktiki olaraq ləğv edilməsi ilə nəticələnib.

Odur ki, Sizdən Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının qanunu”na uyğun olaraq əvvəllər yürüş və mitiqlərin keçirildiyi (“Nərimanov” kinoteatrı qarşısındakı meydan, Füzuli meydanı, S. Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş “Qələbə” kino-teatrı qarşısındakı meydan, “Təbriz” kino-teatrı qarşısındakı meydan və s.) yerlərdə belə tədbirlərin keçirilməsi üçün şərait yaradılması, eləcə də Prezident Aparatının, Milli Məclisin, Nazirlər Kabineti, Ali Məhkəmə, Mərkəzi Seçki Komissiyası və digər dövlət əhəmiyyətli idarələrdən 200 metrlik məsafədə hər hansı uyğun ərazilərin piket və mitinqlərin keçirilməsi üçün müəyyən edilməsi haqqında müvafiq qərarların qəbul edilməsini xahiş edirəm.

Hörmətlə,

İsa Qəmbər
Müsavat Partiyasının Başqanı
12 mart 2010-cu il

isagambar.az, 12 mart 2010-cu il, Bakı