Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Gündəliyin partiyadaxili məsələ bölümündə Məclisin növbəti sessiyasının vaxtı və
gündəliyi haqqında müzakirələr aparılıb və toplantının 02 may 2010-cu il tarixdə
keçirilməsi qərara alınıb. Sessiyanın gündəliyində Məclisin katibinin və yeni
üzvlərin seçkilərinin keçirilməsi də razılaşdırılıb. Namizədliyini irəli sürmək
istəyən müsavatçılar bu haqda 26 aprel 2010-cu il tarixinədək yazılı ərizə ilə
müraciət edə bilərlər.
Kütləvi aksiyalarla bağlı məsələ ayrıca müzakirə edilib. Qeyd edilib ki, Bakı
Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının “Sərbəst toplaşmaq azadlığı təmin
edilsin” tələbi ilə bu qurumun qarşısında keçirmək istədiyi etiraz piketi
haqqında müraciətinə mənfi cavab verib. Divan bu günlərdə ATƏT-in təşəbbüsü ilə
iqtidar və müxalifət partiyalarının iştirakı ilə sərbəst toplaşmaq azadlığına
həsr olunmuş Dəyirmi Masa keçirəcəyini nəzərə alaraq piketi 14 aprel 2010-cu il
tarixinə keçirib və Bakı Şəhər İcra Hakimiyyətinin müraciətə nə cavab
verməsindən asılı olmayaraq onun keçirilməsinə qərar verib.
Əliyevlərin Dubay mülkləri haqqında müzakirə Divanın bu iclasında da davam
etdirilib. Təklif edilib ki, Müsavat Partiyası bu haqda MSK-ya və digər müvafiq
qurumlara rəsmi sorğu göndərsin. Eyni zamanda məsələnin daha effektli ictimai
müzakirəsini təmin etmək üçün efir vaxtı ayrılması tələbi ilə İctimai
Televiziyanın rəhbərliyinə müraciət edilməsi də məqsədəuyğun sayılıb.
Milli Məclisin son plenar iclasında deputat Siyavuş Novruzovun Müsavat
Partiyasının xarici terror təşkilatları ilə əlaqədə olması haqda dediyi cəfəng
fikirlərə də münasibət bildirilib. Qeyd edilib ki, PKK-nı hələ də terrorçu
təşkilat kimi tanımayan YAP parlamentinin üzvünün bu sözləri deməsi absurddur və
əslində Siyavuş Novruzovun özünün aid olduğu komanda dünyada terrorçu təşkilat
kimi tanınmış PKK-ya münasibətdə ən azından rəsmi loyallıq göstərir.
Yığıncağın sonunda Azərbaycanın milli-azadlıq hərəkatının lideri Əbülfəz
Elçibəyin vəfatının 10-cu ildönümü ilə bağlı tədbirlər planı müzakirə edilib.
Müsavat Deputat Qrupuna eks-prezidentlər haqda qanunun qəbul edilməsi və Ə.
Elçibəyin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Milli Məclisdə məsələ
qaldırılmasını həvalə edib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 05 aprel 2010-cu il, Bakı