Növbəti toplantı
Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların
icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Sonra ictimai-siyasi məsələlər müzakirə edilib. Divan, Müsavat Partiyası və
DUİ-nin, eləcə də AXCP-nin iyulun 3-də keçirdiyi kütləvi aksiyaları yüksək
qiymətləndirib. Aksiyada iştirak edən partiya rəhbərliyinə, Müsavat Deputat
Qrupunun üzvlərinə, rayon təşkilatlarına, partiya fəallarına, bitərəflərə
təşəkkürünü bildirib. Toplantıda gələcək kütləvi aksiyalar barəsində də fikir
mübadiləsi aparılıb. Aksiyaların davam etdirilməsinin vacibliyi vurğulanıb və
qeyd edilib ki, bu məsələ ilə bağlı müttəfiqlərlə və partiyadaxili
məsləhətləşmələrdən sonra qərar veriləcək.
Toplantıda ABŞ Dövlət Katibi Hillari Klintonun Bakı səfəri müzakirə olunub.
Müsavat Partiyası Divanı son vaxtlar soyuqlaşan ABŞ-Azərbaycan münasibətləri
fonunda bu səfərin prinsipial əhəmiyyətə malik olduğunu və müsbət dəyişikliklərə
səbəb olacağına inandığını qeyd edib. Bununla yanaşı göstərilib ki, səfərin
nəticələri haqqında – istər Qarabağ problemi, istər demokratiya, istərsə də
digər həlli vacib məsələlər barədə o zaman konkret danışmaq mümkün olacaq ki,
hər iki tərəf müzakirə edilən məsələlərin gerçəkləşməsi istiqamətində konkret
addımlar atsın.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 05 iyul 2010-cu il, Bakı