Müsavat Partiyasının başqanı İsa Qəmbər “8
Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Azərbaycan qadınlarını təbrik
edib. Təbrikdə deyilir:
”Əziz qadınlar!”
“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə hamınızı təbrik edir, sizə uzun
ömür can sağlığı və xoşbəxtlik arzulayıram.
Bu gün dünyanın əksər ölkələrində qadınların ictimai-siyasi və mədəni
proseslərdə rolu daha da artır. Dünyanın xoşbəxt gələcəyi üçün daim narahat olan
qadınlar elm, incəsənət, mədəniyyət, siyasət, ümumiyyətlə həyatın bütün
sahələrində kişilərlə çiyin-çiyinə addımlayırlar. Sevindirici haldır ki,
Azərbaycan qadınları da bu ümumi prosesdən geri qalmır, ölkənin və cəmiyyətin
həyatında getdikcə daha fəal iştirak edirlər. Azərbaycan qadını həm ötən əsrin
əvvəllrində vüsət almış milli-azadlıq hərəkatında, həm də azad və demokratik
cəmiyyət quruculuğu uğrunda son illər apardığımız mübarizənin ön cərgələrində
olublar.
Təəssüf kì, bu gün ölkədə mövcud olan avtoritar rejimin yeritdiyi xalqa zidd
siyasət bütün vətəndaşlarımız kimi qadınlarımızın həyatına və fəallığına mənfi
təsir göstərir, onlar da daim müxtəlif təzyiq və özbaşınalıqlarla üzləşirlər.
Qarabağ münaqişəsinin ən böyük ağırlığı qaçqın və köçkün qadınlarımızın üzərinə
düşüb. Mövcud rejimin bu problemləri həll etmək iqtidarında olmaması onların
olan-qalan ümidini də sarsıdıb. Lakin məhrumiyyətlərlə dolu bu günlərin ömrü
qısadır. Mən inanıram kì, Azərbaycan xalqı öz taleyində əsaslı dönüşə nail
olacaq və heç şübhəsiz kì, qadınlarımız da bu prosesdə fəal iştirak edəcəklər.
Əziz qadınlar!
Bir daha bayramınızı təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik,
ictimai-siyasi fəaliyyətinizdə uğurlar arzulayıram.
Tanrı sizləri qorusun!
Tanrı Azərbaycanımızı qorusun!
isagambar.az, 06 mart 2010-cu il, Bakı