Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Gündəliyin partiyadaxili məsələ bölümündə Seçki Departamenti tərəfindən
hazırlanmış parlament seçkiləri ilə bağlı partiyanın fəaliyyət planının
layihəsinin müzakirələri davam etdirilib və müvafiq qərarlar qəbul edilib.
Ukraynada prezident seçkilərini II turunun nəticələri haqqında fikir mübadiləsi
aparılıb. Qeyd edilib ki, seçkilər azad və ədalətli keçirilib, səsvermənin
nəticələrinə təsir edəcək pozuntular baş verməyib. Ukraynada demokratiyanın
inkişaf prosesinin dönməz xarakter aldığı və bu məsələdə Viktor Yuşşenkonun
xüsusi xidmətlərinin olduğu qeyd edilib.
“Eks-prezidentlərin statusu haqqında” Qanun layihəsinə görə bu qanunun
Azərbaycanın demokratik yolla seçilmiş yeganə prezidenti, milli-azadlıq
hərəkatının lideri olmuş Əbülfəz Elçibəyə şamil edilməməsi niyyəti ciddi
narahatçılıqla qarşılanıb, bu demokratik dövlət quruculuğu prinsiplərinə
etinasızlıq kimi qiymətləndirilib.
Hakimiyyətinin KİV haqqında qanuna mürtəce dəyişikliklər etməyə hazırlaşması
haqda da müzakirələr aparılıb. Müsavat Deputat Qrupunun üzvlərinə bu məsələnin
Milli Məclisdə müzakirəsi zamanı onun qəbul edilməməsi üçün ciddi müqavimət
göstərmək tapşırılıb. Qeyd edilib ki, son dövrlərdə hakimiyyət məqsədyönlü
şəkildə bir sıra qanunlara mürtəce dəyişikliklər edib.
MDQ üzvlərinə həmçinin qaz, elektrik və su sayğaclarının bütün istehlakçılara
pulsuz quraşdırılmasını nəzərdə tutan qanunlarda qanunsuz olaraq dəyişiklik
edilməsi məsələsi ilə bağlı şikayətin müvafiq instansiyalara göndərilməsini
tezləşdirmələri və bu məsələni diqqətdə saxlamaları tapşırılıb.
Son günlər Bakıya və ölkənin digər regionlarına güclü qar yağmasından sonra
yaranmış vəziyyət də müzakirə olunan məsələlər arasında olub. Qeyd edilib ki,
qar hakimiyyətin bacarıqsızlığını tam çılpaqlığı ilə ortaya qoyub. Qar və çovğun
haqqında bir neçə gün əvvəlcədən məlumat verilməsinə baxmayaraq, FHN və digər
infrastrukturlar tamamilə hazırlıqsız olublar. Nəticədə Bakıda və bir sıra
bölgələrdə həyat tamamilə ifilc olub. Divan öz kəskin etirazını bildirib və
hakimiyyəti yaranmış vəziyyətə görə cavabdeh olan vəzifəli şəxslərlə bağlı
tədbir görməyə çağırıb.
Yığıncağın sonunda İsa Qəmbər Norveçin Ədliyyə naziri Knut Storbergetlə görüş
haqqında məlumat verib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 08 fevral 2010-cu il, Bakı