Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
“Vaşinqton Post” qəzetinin 05 mart 2010-cu il tarixində Dubayda ölkə başçısının
11 yaşlı oğlunun adına 44 milyon ABŞ dolları məbləğində mülk alınması haqda
getmiş yazı ciddi müzakirə olunub. Qeyd edilib ki, həmin məqalə dərc olunandan
dərhal sonra Müsavat Partiyası bəyanat verərək, bu məsələ ilə bağlı izahat tələb
etmişdi. İqtidar düşərgəsindən bu məsələ ilə bağlı yalnız Prezident
Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlaması
olub ki, həmin açıqlamada “Vaşinqton Post” qəzetində haqqında yazı getmiş fakt
dolayısı ilə təsdiq olunsa da, adı çəkilən mülkün alınması üçün xərclənmiş
pulların mənbəyi haqda heç nə bildirilmir. Müsavat Partiyası ölkə başçısı İlham
Əliyevdən bu məsələyə aydınlıq gətirməsini, əks təqdirdə istefa verməsini tələb
edir.
Müsavat Deputat Qrupuna həvalə edilib ki, hökumətin illik hesabatının Milli
Məclisdə təqdim edilməsi ilə əlaqədar müzakirələrdə prinsipial mövqe ortaya
qoyulsun və bu məsələ də qaldırılsın.
Divan etiraz mitinqi keçirmək haqqında yaxın günlərdə Bakı Şəhər İcra
Hakimiyyətinə müraciət etmək haqqında qərar qəbul edib.
Divan Füzuli və Ş. Bədəlbəyli küçələrindəki evlərin sökülməsi, buna görə əmlak
sahiblərinə təzminat ödənilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin
sərəncamının açıq-aşkar saxtakarlığa və bu məqsədlə ayrılmış dövlət vəsaitinin
mənimsənilməsinə şərait yaratdığını qeyd edərək, sakinlərin əmlaklarının
dəyərinin tam və ədalətli şəkildə ödənilməsini tələb edib. Müsavat Deputat
Qrupunun məlumatı dinlənilib və bu məsələni diqqətdə saxlamaq qərara alınıb.
Yığıncağın sonunda müsavatçıların nəzərdə tutulan Novruz şənliyinin martın
19-da, saat 16:00-da partiyanın qərargahında keçirilməsi qərara alınıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 10 mart 2010-cu il, Bakı