Növbəti toplantı
Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların
icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər
müzakirə edilib.
Seçkilərə hazırlıq məqsədilə yaxın günlərdə ayrı-ayrı bölgələrdə zona
müşavirələrinin keçirilməsi qərara alınıb.
Sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Kür çayının suyunun
daşması nəticəsində yaranməş vəziyytlə bağlı fikir mübadiləsi aparılıb bəyanat
qəbul edilib (bəyanatın mətni əlavə edilir).
Toplantıda ölkə mediasında yaranmış son durumla bağlı da müzakirələr aparılıb.
Avropa İnsan Haqları Məhkəməsinin qərarından xeyli vaxt keçməsinə baxmayaraq
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru
Eynulla Fətullayevin, eləcə də gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin
hələ də qanunsuz olaraq həbsdə saxlanılması, bütün bunlar azmış kimi Eynulla
Fətullayev haqqında uydurma ittihamlarla yeni bir məhkəmə şousunun qurulması da
qətiyyətlə pislənilib. Son vaxtlar “Yeni Müsavat” qəzetinin baş redaktorunun
1-ci müavini Azər Ayxanın da saxta ittihamla həbs olunmaq təhlükəsi ilə
üzləşməsi də müzakirə olunub və hakimiyyətdən bu oyunlara son qoyulması tələb
edilib.
Yığıncaqda ölkədə keçirilən saxta gül bayramı ilə bağlı müzakirələr aparılıb.
Qeyd edilib ki, terror qurbanı olan gənc tələbələrin həyatına biganə münasibət
bəslənən bir ölkədə bu cür mənasız tədbirlərə milyonlarla manat pul xərcləməsi
hakimiyyətin qəddar və talançı mahiyyətinin əyani göstəricisidir.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 10 may 2010-cu il, Bakı