“AXCP–Müsavat” siyasi partiyalar blokunun
B Ü L L E T E N İ
İcra hakimiyyəti və hüquq mühafizə orqanlarının seçkilərə qanunsuz müdaxilələri
davam edir.
İmzatoplama kampaniyasını yekunlaşdırıb sənədlərini dairə seçki komissiyalarına
təqdim edən namizdələrin qeydə alınmaması üçün İcra Hakimiyyəti və
hüquq-mühafizə orqanları seçki sənədlərinin gizliyiyi prinsipini pozur, eyni
zamanda qanunun müəyyən etdiyi səlahiyyətləri aşaraq seçki prosesinə kobud
müdaxilə edirlər.
İcra və polis orqanları DSK-dan “AXCP-Müsavat” siyasi partiyalar blokunun lehinə
imza verən vətəndaşların adını, ünvanını götürərək həmin seçicilərə təzyiq
göstərir, onlardan imzaları geri götürməyi tələb edir, əks halda özlərinin,
yaxınlarının işdən çıxarılacağı ilə hədələnirlər. Namizədlərin bu haqda DSK-lara
şikayət ərizələri ilə müraciətlərinə baxmayaraq, əksər hallarda onların
ərizələri qanunsuz olaraq qəbul edilmir.
47 saylı Mingəçevir seçki dairəsində blokun namizədi Nəriman Yəhyayevin qeydə
alınması üçün imza verənləri işdən qovacaqları ilə hədələyirlər. Ü.Hacıbəyov
adına 1 saylı məktəbin direktoru Cəlal İsmayılov tabeliyində olan işçiləri
verdikləri imzalardan imtina etməyə təhrik edir. Belə hallar dairənin bütün
əraizisində qeydə alınıb.
73 saylı Lənkəran şəhər seçki dairəsində blokun vahid namizədi Lənkəran Dövlət
Universitetinin müəllimi Yadigar Sadıqov 26 avqust 2010-cu il tarixdə növbəti
əmək məzuniyyətinə getmiş, qayıtdıqdan sonra isə 05 oktyabr 2010-cu ildə ona
əmək müqaviləsinin xitam olunması barədə əmrin surətini vermişlər və işdən
olunduğunu bəyan etmişlər.
82 saylı Ağcabədi və 83 saylı Ağcabədi-Füzuli seçki dairələrində blokun
namizədləri Rəşid Nəcəfliyə və Arif Hacıyevə, eyni zamanda, onların səlahiyyətli
nümayəndələrinə dairə seçki komissiyaları tərəfindən yazılı və ya şifahi cavab
verilməməsinə baxmayaraq, MSK-nın rəsmi internet saytında onların
namizədliklərinin qeydə alınmaqdan imtina barədə məlumat yerləşdirilib.
93 saylı Bərdə şəhər seçki dairəsində Divanlı kənd icra nümayəndəsi imza
verənlərə təzyiqlər göstərərək, onları blokun namizədi Namət Əliyevin qeydə
alınması üçün verdikləri imzalardan imtina etməyə təhrik edib.
97 saylı Göranboy-Ağdam-Tərtər seçki dairəsində namizəd Qələndər Aslanova onun
namizədliyini qeydiyyatdan imtina barədə qərar verilsə də, imzaların yoxlanması
barədə protokolu hələ də ala bilməyib, hansı ki, qanuna görə qərardan ən azı 24
saat əvvəldən təqdim edilməliydi.
isagambar.az, 10 oktyabr 2010-cu il, Bakı