Müsavat Partiyasının bəyanatı

2009-cu ilin son, 2010-cu ilin ilk günlərində baş verən hadisələr göstərir ki, hakimiyyət yenə də daxili siyasətdə zorakılığa, insan haqlarının çeşidli formalarda tapdanmasına və demokratiya nümunələrinin hər addımda təqib edilməsinə üstünlük verəcəkdir. Naxçıvanın Bənənyar kəndində baş verən dəhşətli hadisələr - insanların ağaca bağlanılaraq döyülməsi, kəndə polis qüvvələrinin yeridilməsi, kütləvi həbslər və işgəncələr; qanunsuz həbsdə saxlanan Eynulla Fətullayevin geyiminə narkotik qoyaraq şərlənməsi, QHT-lərlə bağlı mürtəce qanun müddəasının gerçəkləşdirilməyə başlaması, gənc bloggerlərin Apellyasiya məhkəməsinin yenidən təxirə salınması sübut edir ki, hakimiyyət Konstitusiyanın tələblərinə riayət etmək və öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək fikrində deyildir. Hakimiyyətin cəmiyyətə qarşı sayğısız və etinasız münasibəti, problemlərin həllində polis zorakılığına rəvac verməsi bir daha təsdiq edir ki, cəmiyyətdə süni qarşıdurmaların yaradılması, bunların güc, yalan və saxtakarlıqla həll edilməsinə cəhd göstərilməsi rejimin mahiyyətini əks etdirir.

Müsavat Partiyası bu hadisələrdən dərin narahatlıq hissi keçirdiyini bildirir və bu cür hərəkətlərə son qoymağı, bu yanlış qərarlara, xüsusən zorakılığa məsuliyyət daşıyan şəxslərin ciddi surətdə cəzalandırılmasını tələb edir. Əks təqdirdə Parlament seçkiləri ilində ölkədə yaranacaq gərginliyin bütün məsuliyyəti iqtidarın üzərinə düşmüş olacaq.

isagambar.az, 11 yanvar 2010-cu il, Bakı