Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Toplantı təyyarə qəzası nəticəsində Polşa prezidenti Lex Kaçinskinin və Polşanın
95 dövlət və ictimai-siyasi xadiminin həlak olmasını bir dəqiqəlik sükutla yad
etməklə başlandı. Divan bu faciəyə görə Polşa xalqına bir daha başsağlığı verdi
və qərara alındı ki, sabah saat 15:30-da Polşanın ölkəmizdəki səfirliyinə baş
çəkilsin, bu ağır gündə qardaş polyak xalqına mənəvi dəstək nümayiş etdirilsin.
Toplantının əvvəlində ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları üzrə
Varşava bürosunun birlikdə təşkil etdikləri sərbəst toplaşmaq azadlığına həsr
olunmuş, iqtidar, müxalifət və mərkəzçi partiyaların iştirakı ilə keçirilmiş
Dəyirmi Masa haqqında məlumat verilib. Eyni zamanda Avropa İttifaqının
genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Ştefan Fule ilə siyasi partiya
nümayəndələrin görüşü haqda da məlumat verilib. Son zamanlar beynəlxalq
təşkilatların ölkədə xeyli fəallaşması və demokratik proseslərə ciddi diqqət
verdikləri qeyd olunub.
Gündəliyin ictimai-siyasi vəziyyət bölümündə ABŞ-da keçiriləcək Nüvə
Təhlükəsizliyi Sammiti və Azərbaycanın dövlət başçısının həmin tədbirə dəvət
edilməməsi haqqında da fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, sammitin
gedişində ABŞ rəhbərliyi ilə region, o cümlədən Qarabağla bağlı məsələlərin
müzakirə ediləcəyi belə bir mötəbər tədbirdə Azərbaycanın təmsil olunmaması
ölkəmizin ziyanınadır və bu fakt mövcud iqtidarın yürütdüyü xarici siyasətin
iflasa uğradığını bir daha sübut edir.
Qırğızıstanda baş vermiş hadisələrlə bağlı aparılan müzakirələrdən sonra bir
daha təsdiq olunub ki, baş verənlərə səbəb hakimiyyətin avtoritar, korrupsioner
və regionçu mahiyyəti olub. Divan Qırğızıstanda bütün problemlərin dinc yolla
həllinə tərəfdar olduğunu bildirib, ölkədə yeni hakimiyyətin azad və ədalətli
seçkilər yolu ilə formalaşdırılmasının zəruriliyini qeyd edib. Bu məsələnin
müzakirəsi zamanı o da qeyd edilib ki, Azərbaycan iqtidarının yürütdüyü siyasət
nəticəsində ölkə Qırğızıstan variantına sürüklənir, buna görə də ölkə rəhbərliyi
gecikmədən korrupsiyaya, demokratiyanı boğmaq siyasətinə son qoymalıdır.
Ölkədaxili vəziyyətlə bağlı müzakirələr zamanı qeyd edilib ki, ölkə başçısının
övladlarının adına Dubay şəhərində alınmış mülklər məsələsinin “Korrupsiyaya
Qarşı Mübarizə Haqqında” Qanunun tələbləri əsasında araşdırılması haqqında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi sorğu artıq göndərilib. Bu gün isə
qərara alınıb ki, İlham Əliyevin deputatlığa və prezidentliyə namizəd olduğu
zaman əmlakı və gəlirləri haqqında təqdim etdiyi bəyannamənin surətinin alınması
üçün Mərkəzi Seçki Komissiyasına rəsmi sorğu göndərilsin.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə kütləvi aksiyalarla bağlı
məsələ də müzakirə edilib. Qeyd edilib ki, 14 aprel 2010-cu il tarixdə Bakı
Şəhər İcra Hakimiyyətinin qarşısında sərbəst toplaşmaq azadlığının pozulmasına
həsr edilmiş etiraz piketi haqqında müraciətinə hələ cavab verilməyib və bu
özü-özlüyündə qanun pozuntusudur. Meriyanın hansı cavab verməsindən asılı
olmayaraq piketin keçirilməsi qərarı verilib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 12 aprel 2010-cu il, Bakı