Müsavat Partiyasının bəyanatı

Məlum olduğu kimi, bu gün Müsavat Partiyası və DİU-nun “Elmlər Akademiyası” bağı və Hüseyn Cavid parkı ərazisində birgə etiraz aksiyası keçirib. Güc strukturları mitinqçilərə qarşı amansız davranmış və 40 nəfərə qədər mitinq iştirakçısını həbs ediblər. Əldə olunan məlumata görə, “yuxarıların” xüsusi sifarişi ilə Müsavat Partiyasının rəhbərliyini daxil olan 5 nəfərin məhkəməyə aparılması və onların haqqında həbs-qəti imkan tədbiri seçilməsi haqqında qərar verilməsi gözlənilir. Həmin şəxslər Müsavat Partiyası İcra Aparatının rəhbəri - Arif Hacılı, Müsavat Partiyası Başqanının müavini - Tofiq Yaqublu, Müsavat Gənclər Təşkilatının sədri - Tural Abbaslı, Müsavat Gənclər Təşkilatının sədr müavini - Əhəd Məmmədli, Laçın rayon təşkilatının Şura üzvü - Ramiz Xəlilovdur.

Müsavat Partiyası bəyan edir ki, milli-azadlıq hərəkatında görkəmli xidmətləri olan sabiq millət vəkilinin, habelə ölkədə tanınmış jurnalist və gənclər hərakatının nümayəndələrini həbs etmək niyyətləri ölkədə insan hüquqlarının pozulması istiqamətində ən ciddi faktlardan olmaqla, Azərbaycanın dünya birliyi qarşısında götürdüyü öhdəliklərə ciddi kölgə salacaq.

Müsavat Partiyası iqtidar mənsublarını bu niyyətlərindən əl çəkməsini və saxlanılanların dərhal azad olunmasını tələb edir.

isagambar.az, 12 iyun 2010-cu il, Bakı