Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə
fikir mübadiləsi aparılıb.
Gündəlikdə əsas müzakirə olunan məsələ seçkilərə hazırlığın gedişatı ilə bağlı
olub. AXCP ilə dairələr üzrə vahid namizədlərin müəyyənləşdirilməsi yönündə
aparılan danışıqlar haqqında məlumat verilib. Daha bir neçə dairədə vahid
namizədin razılaşdırıldığı qeyd edilib.
Divanın ictimai-siyasi vəziyyətə dair bölümündə Azərbaycanın BMT-nin Baş
Assambleyasının gündəliyindən “İşğal edilmiş ərazilərdə vəziyyət haqqında”
qətnamə layihəsini geri çəkməsi məsələsi müzakirə edilib. Qeyd edilib ki,
Azərbaycan tərəfi əvvəlcə qətnamə layihəsinin müzakirəsinin təxirə salınmasını
istəyib, sonra isə onu tamamilə geri çəkib. Divan bu hadisəni Azərbaycanın
Qarabağla bağlı yürütdüyü xarici siyasətinin qeyri-ardıcıl olmasının, iqtidarın
çaşqınlıq içərisində olduğunun göstəricisi kimi qəbul edərək hakimiyyətdən bu
addımları haqqında izahat tələb edir.
Son günlərdə Lənkəranda, İsmayıllıda və Sumqayıtda baş vermiş ağır cinayət
hadisələri haqqında da fikir mübadiləsi olub. Qeyd edilib ki, xeyli sayda
insanların ölümü və yaralanması ilə nəticələnmiş bu hadisələr iqtidarın
yürütdüyü daxili siyasətində də ciddi qüsurların olduğunu sübut etməklə yanaşı,
iqtidarın ölkədə sabitlik hökm sürməsi haqqında dediklərinin yalan olduğunu bir
daha üzə çıxardı. Həmin hadisələrin ciddi və obyektiv araşdırılması və
günahkarların cəzalandırılması tələb edilib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 13 sentyabr 2010-cu il, Bakı