Müsavat Partiyasının bəyanatı

İran hakimiyyət rejiminin din xadimlərindən biri, Ayətullah Nasir Məkarim Şirazi Azərbaycan Respublikasının və xalqımızın ünvanına ciddi təhdid dolu fikirlər səsləndirib. Azərbaycanda məscidlərin sökülməsinə münasibət bildirən yüksək rütbəli din xadimi ölkəmizdə sabitliyin pozulmasına, xalqımız arasında nifaq salınmasına gətirib çıxara biləcək fitvalar verəcəyini istisna etməyib. O, bu işləri görərkən buradakı tərəfdarlarına güvəndiyini də gizlətməyib. Ayətullah Şirazinin belə aqressiv danışığı təbii ki, ölkələrimiz arasındakı qonsuluq və dostluq münasibətlərinə ciddi zərbədir.

Müsavat Partiyası İran din xadiminin söylədiklərini ölkəmizin daxili siyasətinə kobud müdaxilə kimi dəyərləndirir və buna qəti etirazını bildirir. Biz, İranın rəsmi dövlət qurumlarından din xadiminin fikirlərinə rəsmi mövqe bildirilməsini tələb edirik.

Müsavat Partiyası habelə Azərbaycan hakimiyyətinin ölkə dindarlarının hüquqlarının pozulmasına səbəb olan, qeyri-qanuni tikililər adı altında məscidlərin sökülməsinə yönələn siyasətini qətiyyətlə pisləyir və bəyan edir ki, əslində hakimiyyətin məhz bu cür hərəkətləri belə məsuliyyətsiz fikirlərin səslənməsinə rəvac verir.

isagambar.az, 14 may 2010-cu il, Bakı