Növbəti toplantı
Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların
icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər
müzakirə olunub.
Yığıncağın əvvəlində 12 iyun mitinqi ilə bağlı müzakirələr aparılıb. Bakı Şəhər
İcra Hakimiyyətinin mitinqə razılıq verməməsinin özünün qanunsuzluq olduğu
bildirilib. Mitinqin qarşısının polislər tərəfindən zorakılıqla və qeyri-qanuni
olaraq alınması, həbs olunanlardan 6 nəfərə inzibati cəza, o cümlədən, 2 nəfərə
10 sutkalıq həbs cəzası verilməsi kəskin pislənilib. Aksiya zamanı
saxlanılanlardan 23 nəfəri avtobusla Qobustan qoruğuna aparılması və günün
sonunadək orada saxlanılması əndazəsiz qanunsuzluq kimi qiymətləndirilib. Qeyd
edilib ki, digər saxlanılanların cəzalandırılması qanuna zidd olsa da, hər halda
qanunda nəzərdə tutulmuş cəza növü olub. Ancaq 23 nəfərin girov götürülərək
şəhərdən uzaq məsafəyə aparılması görünməmiş özbaşınalıq olmaqla yanaşı, ölkə
iqtidarı adına rüsvayçılıqdır. Məsələnin müzakirəsinin sonunda 12 iyun
mitinqinin məram və məqsədlərinin cəmiyyətə çatdırılmasına nail olunduğu qeyd
edilib, kütləvi aksiyaların davam etdirilməsinin məqsədəuyğun olunduğu qət
edilib.
Seçki Məcəlləsinə gözlənilən əlavə və dəyişikliklər haqqında müzakirə zamanı
qeyd edilib ki, beynəlxalq birliyin və ölkə ictimaiyyətinin Seçki Məcəlləsinin
liberallaşdırılması tələb və tövsiyyələrinin gücləndiyi bir dövrdə
gözlənilənlərin əksinə olaraq onu daha da mürtəceləşdirmək istəyi absurddur,
Azərbaycan cəmiyyətinin maraqlarına ziddir və ölkənin beynəlxalq aləmdəki
nüfuzuna ciddi mənfi təsir göstərəcəkdir.
Ölkənin orta məktəblərində buraxılış imtahanları zamanı valideynlərdən total
şəkildə pul toplanması və faktiki olaraq attestat satışı təşkil olunduğu
narahatlıqla qeyd edilib, bu biabırçılığa son qoyulması tələb edilib. Daşqın
fəlakətinə məruz qalmış rayonlarda bütün orta məktəb məzunlarının hamısının
attestatla təmin edilməsi və ölkə üzrə ümumi göstəricilərin balanslaşdırılması
naminə digər rayonlarda məzunların ancaq 70 faizinə attestat verilməsi haqda
göstəriş olduğu barədə məlumat verilib və məsələ ilə əlaqədar araşdırılma
aparılması qərara alınıb.
Yığıncağın sonunda Qırğızıstanda etnik zəmində baş vermiş qarşıdurmalar
zəminində 100-dən çox insanın həlak olması, 1000 nəfərdən çoxunun yaralanması
ciddi narahatlıqla qeyd edilib, Azərbaycan hökumətindən baş verənlərə aydın
reaksiya verilməsi və Mərkəzi Asiya dövlətləri ilə birgə zəruri addımlar atması
istənilib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 14 iyun 2010-cu il, Bakı