Növbəti toplantı

Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub.

Yığıncağın əvvəlində parlament seçkilərinə hazırlıq məsələsi müzakirə edilərkən, ötən müddət ərzində daxil olmuş təklif və təşəbbüslər dəyərləndirilməklə dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi işi davam etdirilib.

Kütləvi aksiyalar haqqında məsələ müzakirə olunarkən, məlumat verilib ki, Müsavat Partiyası bir daha BŞİH-ə məktubla müraciət edərək, “Sərbəst toplaşmaq haqqında” Qanunun tələblərinə uyğun olaraq, kütləvi aksiyalar üçün yerlərin müəyyənləşdirməsini tələb edib.

Ölkə başçısı İlham Əliyevin və xarici işlər naziri Elmar Məmmədyarovun yeniləşmiş Madrid prinsipləri verdikləri açıqlamalar Divanda ciddi narahatlıqla qarşılanıb. Elmar Məmmədyarovun Qarabağın yekun statusunun müəyyənləşdirilməsi üçün “Dağlıq Qarabağ əhalisi” arasında qanuni qüvvəyə malik rəy sorğusu keçiriləcəyini deməsi faktiki olaraq Azərbaycan hakimiyyətinin torpaqlarımızın itirilməsinə razılıq verməsi kimi dəyərləndirilib və buna kəskin etiraz edilib. Qərara alınıb ki, Qarabağ danışıqlarının indiki mərhələsində yaranmış vəziyyət və iqtidarı yürütdüyü təslimçilik xəttiylə bağlı Müsavat Partiyası adından Azərbaycan xalqına müraciət hazırlansın.
Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının ildönümü ilə əlaqədar məsələ müzakirə edilərək 15.07.2010 tarixində saat 16-da Müsavat Partiyasının qərargahında yubiley toplantısı keçirilməsi qərara alınıb.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 14 iyul 2010-cu il, Bakı