Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Yığıncağın əvvəlində Müsavat Deputat Qrupunun üzvləri hökumətin Milli Məclisdə
illik hesabatının müzakirəsinə hazırlıq barədə məlumat verib.
Divan martın 17-də “Əliyevlərin Dubay mülkləri” mövzusunda Dəyirmi Masa
keçirilməsini qərara alıb.
İsveç parlamentində sözdə erməni soyqırımı ilə bağlı qərar qəbul edilməsinə
kəskin etiraz edilib. Qeyd edilib ki, tarixi həqiqətlərin parlamentlərdə
araşdırılması kökündən yanlışdır və bu zaman ortaya tarixi həqiqət yox,
müzakirədə iştirak edən deputatların siyasi konyukturaya uyğun mövqeyi çıxır.
Divan hesab edir ki, bu məsələdə Azərbaycan həmişə qardaş Türkiyənin yanında
olmalı və ona dəstək verməlidir.
Xarici İşlər Naziri Elmar Məmmədyarovun Azərbaycanın yeniləşmiş Madrid
prinsipləri ilə razı olmasını deməsi də ciddi müzakirələrə səbəb olub. Müsavat
Deputat Qrupuna həvalə edilib ki, Milli Məclisdə hökumətin hesabatı zamanı
XİN-dən bu məsələyə aydınlıq gətirməsi tələb olunsun. Qarabağ danışıqları ilə
bağlı son vaxtlardakı canlanmanı nəzərə alaraq baş verənlərə aydınlıq gətirməsi
məqsədi ilə Divan ölkə başçısı İlham Əliyevdən ölkədəki ictimai-siyasi qüvvələrə
və aparıcı müxalifət partiyalarına bilgi verilməsini tələb edib.
Divan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Azərbaycanla
Ermənistan arasında müharibə başlaması ehtimalından danışarkən erməni
döyüşçülərinin döyüş qabiliyyətinin xüsusi vurğulamasını diplomatik etikaya zidd
hesab edib və münaqişənin həlli ilə məşğul olan vasitəçinin missiyası ilə bir
araya sığmadığını qeyd edib.
Yığıncağın sonunda müxalifətdaxili məsləhətləşmələrin gedişatı haqqında məlumat
dinlənilib. Bildirilb ki, yaxın günlərdə Müsavatla DUİ arasında ilikin
məsləhətləşmə keçiriləcək.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 15 mart 2010-cu il, Bakı