“AXCP–Müsavat” siyasi partiyalar blokunun
BƏYANATI
2006-cı ilin noyabrın 26-dan etibarən ölkədə faktiki olaraq fövqəladə
vəziyyət rejimi hökm sürür. Müxalifətin kütləvi aksiyalarına birdəfəlik qadağa
qoymuş iqtidar, ancaq bu yolla özünü ümumxalq qəzəbindən və qınağından qorumaq
istəyir. Bu illər ərzində müxalifətinin kütləvi aksiyalar keçirmək üçün çoxlu
sayda müraciətləri qanunsuz olaraq rədd edilib. Sonuncu dəfə AXCP və Müsavat
Partiyasının oktyabr ayının 10-da mitinq keçirmək haqqında müraciətinə, Bakı
şəhəri İcra Hakimiyyətinin cavabında bildirilmişdi ki, oktyabr ayının 15-də
seçki təbliğatı kampaniyası başladığından, aksiyaları həmin dövrdə keçirmək
olar. Bundan sonra oktyabr ayının 17-də mitinq keçirmək üçün yenidən Bakı şəhəri
İcra Hakimiyyətinə müraciət edildi. Lakin Bakı şəhəri İcra Hakimiyyəti budəfəki
cavabında bildirdi ki, seçki kampaniyası dövründə aksiyaları yalnız seçicilərlə
görüşlər üçün ayrılmış yerlərdə keçirmək.
“AXCP-Müsavat” siyasi partiyalar bloku Bakı şəhəri İcra Hakimiyyətinin bu
cavabını qətiyyətlə pisləyərək bildirir ki, seçki təbliğatı kampaniyası nə ölkə
Konstitusiyasının 49-cu maddəsinin, nə də “Sərbəst toplaşmaq azadlığa haqqında”
qanunun fəaliyyətini dayandıra bilməz. Bununla bir daha sübut olunur ki,
hakimiyyət səssiz-səmirsiz, cəmiyyətdə heç bir canlanmaya səbəb olmayacaq bir
seçki keçirərək, onun nəticələrini növbəti dəfə saxtalaşdırmağa hazırlaşır. Biz
ölkə və dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etməklə, yanaşı
noyabrın 7-də keçiriləcək parlament seçkilərini izləyən beynəlxalq təşkilatlar
Azərbaycan hakimiyyətinin bu qanunsuz hərəkətlərini qınamağa çağırırıq.
Bildiririk ki, xalqın fundamental hüquqlarını kobud şəkildə tapdalayan iqtidar
gec-tez bu hərəkətlərinin cavabını verməli olacaq.
isagambar.az, 15 oktyabr 2010-cu il, Bakı