Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib

Partiyanın himninin oxunuşu ilə açılan yığıncaqda öncə Binəqədi rayon təşkilatının mərhum sədri Rüstəm Qasımlının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yığıncağın gündəliyi yeni seçilmiş təşkilat sədrlərinin Məclis üzvü səlahiyyətlərinin təsdiqi, təşkilati, 23 dekabr 2009-cu il tarixində keçirilmiş bələdiyyə seçkilərinin yekunları, 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkiləri və partiya qarşısında duran vəzifələr, partiyanın növbəti qurultayı haqqında məsələlərdən ibarət olub.

Gündəliyin birinci məsələsinin müzakirəsi zamanı Biləsuvar rayon təşkilatının sədri Cəfər Səfərlinin, Laçın rayon təşkilatının sədri Ramiz Xəlilovun və Müsavat Qadınlar Birliyinin sədri Vəfa Cümşüdlünün Məclis üzvü səlahiyyətləri təsdiq edildi. Daha sonra partiya başqanı İsa Qəmbərin təqdimatına əsasən Məclisin qərarı ilə Tofiq Yaqublu partiya başqanının müavini vəzifəsinə təsdiq edildi.

Məclis bələdiyyə seçkilərinin nəticələrini müzakirə edərək, onun azad və ədalətli olmadığını bəyan etməklə nəticələrin ləğv edilməsini və yeni seçkilər keçirilməsini tələb edib.

Məclis İsa Qəmbərin 2010-cu il parlament seçkiləri və partiyanın vəzifələri haqda məruzəsindən və məruzə ətrafında müzakirələrdən sonra parlament seçkilərində Müsavat Partiyasının iştirakını məqsədəuyğun sayıb. Seçkilərdə əsas müxalifət qüvvələri ilə əməkdaşlıq edilməsi qərara alınıb. Eyni zamanda Məclis proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması məqsədi ilə referendum keçirilməsini tələb edib.

Müsavat Partiyasının növbəti – VIII Qurultayının bu ilin dekabr ayında keçirilməsi haqqında qərar qəbul edilərək, təşkilati işləri həyata keçirmək səlahiyyəti Divana həvalə edildi.

Məclis iqtisadiyat komissiyasına ölkə iqtisadiyyatının böhrandan çıxması üçün təkliflər paketinin hazırlanmasını həvalə edib.

Sonda cari məsələlərə baxılıb.

isagambar.az, 16 yanvar 2010-cu il, Bakı