Müsavat Partiyasının bəyanatı
Avropa Şurasına daxil olan ölkələrin seçki qanunvericilik sənədlərinin
beynəlxalq standartlara uyğun səviyyədə hazırlanmasında iştirak edən beynəlxalq
təsisatların təklif və tövsiyələrini nəzərə almadan 2003-cü ildə qəbul edilən
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə bu günə qədər ölkədə azad,
ədalətli, şəffaf və standartlara cavab verən seçki və ya referendum
keçirilməyib.
Keçirilən seçkilərə rəy vermək hüququ olan beynəlxalq təsisatların (ATƏT və AŞ
PA) və ABŞ Dövlət Departamentinin rəsmi rəyləri qeyd olunanları faktiki olaraq
təsdiq edir.
Ölkənin aparıcı müxalif siyasi qüvvələrinin və beynəlxalq qurumların Seçki
Məcəlləsinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması
təkliflərinə rəğmən ölkə rəsmiləri Seçki Məcəlləsinə bir neçə dəfə əlavə və
dəyişikliklər etməklə onu daha mürtəce hala salıblar.
Kütləvi informasiya vasitələrinin verdikləri məlumatlara əsasən 18 iyun 2010-cu
il tarixində Milli Məclisdə Yeni Azərbaycan Partiyasının təklifləri əsasında
Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi müzakirəyə çıxarılacaq.
Məcəllənin 8-ci maddədə təklif olunur ki, seçkilər səsvermə gününə azı 60 gün
qalmış elan edilir (Seçki Məcəlləsi qəbul olunan vaxt bu müddət 120 gün olsa da,
sonradan 75 günədək azaldılmışdı).
69-cu maddədə qeyd alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının
seçki fondlarına dövlət tərəfindən vəsait ayrılması nəzərdə tutulmuşdu ki, indi
bu maddənin ləğvi təklif olunur.
75.2-ci maddədə təklif olunur ki, seçkiqabağı (referendumqabağı) təşviqat
səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat
qalmış dayandırılır (Seçki Məcəlləsi qəbul olunan vaxt bu müddət 60 gün olsa da,
sonradan 28 günədək azaldılmışdı).
Bundan başqa, təklif olunan əlavə və dəyişikliklərdə “seçki fondunda pul vəsaiti
olmadıqda və yaxud çatışmadıqda qeydə alınmış namizədə, siyasi partiyalara və
siyasi partiyaların bloklarına təqdim edilmiş pulsuz efir vaxtının və dövrü
nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata
keçirilir” (maddə 164.1); “... istifadə edilmiş pulsuz efir vaxtının və
dövrü nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 12 ay
müddətində ödəmək üçün onlara möhlət verilə bilər” (maddə 164.4); “...
dövlət və bələdiyyə büdcəsinin geri qaytarılması vəsaitini səsvermə günündən
başlayaraq 6 ay müddətində... qaytara bilər” (maddə 233.3) (bu maddələrin
sayı artırıla da bilər) kimi ifadələr yer almışdır ki, bunların mahiyyəti aydın
deyil. Bir halda pulsuz ayrılmış efir vaxtının və dövrü nəşrdə pulsuz ayrılmış
yerlərin dəyərinin ödənilməsi tələb olunur, digər halda isə büdcə vəsaiti
ayrılmadığı halda “namizədlərin aldıqları büdcə vəsaitlərinin geri
qaytarılmasının məcburiliyi”ndən danışılır.
Müxalifət, beynəlxalq təşkilatlar Seçki Məcəlləsinin demokratikləşdirilməsi
istiqamətində təkliflər irəli sürərkən iqtidar qanunvericiliyin tez-tez
dəyişdirilməsinin yolverilməz olduğu arqumentini irəli sürür. Halbuki,
Məcəllənin daha da mürtəceləşdirilməsi yönündə tez-tez dəyişikliklər edilən vaxt
bu arqument yaddan çıxır. Bu dəfə də təklif olunan əlavə və dəyişikliklər Seçki
Məcəlləsinin demokratikləşdirilməsinə, azad, ədalətli və şəffaf seçkilərin
keçirilməsinə xidmət etmir, namizədlərin seçki kampaniyası və seçkiqabağı
təşviqat dövründə seçicilərlə təmasların və görüşlərinin məhdudlaşdırılmasına,
maddi imkanı zəif olan vətəndaşların seçki prosesində iştirakının qarşısının
alınmasına, siyasi partiyaların seçki kampaniyası dövründə maddi sıxıntılar
içərisində qalmasına və siyasi partiyaların seçki bloklarının yaradılmasını
əngəlləməyə və beləliklə, Milli Məclis seçkilərini oyuncaq bir seçkiyə
yönəltdiyindən qəbul edilə bilməz.
Təklif olunan əlavə və dəyişikliklər Milli Məclisdə qəbul olunduğu təqdirdə,
bunun törədəcəyi fəsadlar nəticəsində Azərbaycan Respublikasının beynəlxalq
aləmdə nüfuzunun düşməsinin məsuliyyətinin bu sənədi Milli Məclisə təqdim edən
partiyanın, sənədə səs verən millət vəkillərinin və iqtidarın üzərinə düşdüyünü
Müsavat Partiyası bəyan edir. Millət vəkillərindən bu sənədə səs verməməyi,
beynəlxalq təsisatlardan isə Azərbaycan iqtidarını bu yanlış yoldan çəkindirmək
üçün səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsini təklif edir.
Nəhayət, son vaxtlar istər mətbuatda, istərsə də parlamentin yığıncağında MSK-da
və digər seçki komissiyalarında Müsavat Partiyası üçün nəzərdə tutulmuş yerlərin
digər partiyalara verilməsi ilə bağlı təkliflər irəli sürülür ki, biz bunun
yolverilməz olduğunu bəyan edirik.
isagambar.az, 16 iyun 2010-cu il, Bakı