Növbəti toplantı
Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların
icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Gündəlikdə müzakirə olunan əsas məsələ parlament seçkilərində müxalifətin
əməkdaşlığı məsələsi olub. Bu istiqamətdə aparılan məsləhətləşmələrin gedişi
barədə məlumat verilib. Qeyd edilib ki, dairələr üzrə vahid namizədlərin
müəyyənləşdirilməsi ilə bağlı hiss olunan irəliləyiş əldə edilib. Məlumatın
müzakirəsindən sonra Divan məsləhətləşmələrin davam etdirilməsini və
sürətləndirilməsini məqsədəuyğun hesab edib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə son zamanlar daha da
dərinləşməkdə olan Rusiya-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub.
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın öz hərbi bazasının
Ermənistan ərazisində qalmasını 49 ilə qədər uzatmasını, bu ölkənin
təhlükəsizliyi ilə bağlı öz üzərinə bir sıra öhdəliklər götürməsini regionda
gərginliyin artırılmasına yönəlmiş bir addım kimi dəyərləndirən Divan xüsusi
narahatlıq ifadə edib və bu məsələ ilə bağlı ayrıca bəyanat qəbul edib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 16 avqust 2010-cu il, Bakı