“AXCP–Müsavat” siyasi partiyalar blokunun
BƏYANATI
“AXCP-Müsavat” siyasi partiyalar blokunun liderləri Avropa Şurası Parlament
Assambleyasının 2010-cu il 7 noyabrda keçiriləcək parlament seçkilərində Pol
Villenin rəhbərlik etdiyi Müşahidə Missiyası ilə görüşə dəvət edilib.
“AXCP-Müsavat” siyasi partiyalar bloku bununla bağlı bəyan edir:
Avropa Şurasının müvafiq strukturları, xüsusən də AŞ PA son illər Azərbaycanda
keçirilən nəticələri saxtalaşdırılmış seçkilər və referendumlarla əlaqədar
prinsipial mövqe nümayiş etdirməmiş, son seçkilərin Azərbaycanın hələ Avropa
Şurası üzvü olmadığı dövrlərə nisbətən daha anti-demokratik keçməsinə, sərbəst
toplaşmaq hüququnun faktiki ləğv olmasına, seçki kampaniyası müddətinin
azaldılmasına, bu dövrdə bərabərhüquqlu rəqabət imkanlarının aradan
qaldırılmasına biganə olub.
2009-cu ilin martında siyasi məhbuslarla bağlı məruzəçi (K.Ştasser) təyin
edilməsinə baxmayaraq, bugünədək o, hələ də Azərbaycana gəlməyib.
Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanda Konstitusiyanın və Seçki
Məcəlləsinin davamlı olaraq mürtəceləşdirilməsinə faktiki olaraq seyrçi mövqe
tutub.
Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafı istiqamətində üzərinə düşən
missiyanı yerinə yetirmir, Azərbaycan cəmiyyətinin demokratiyaya, seçkilərə
etimadına sarsıdıcı zərbələr vurur. Nəticədə Azərbaycan demokratik qüvvələrinin
Avropa Şurasına (Avropa İnsan Haqları Məhkəməsi istisna olmaqla) heç bir etimadı
qalmamışdır.
Bütün bunları nəzərə alaraq “AXCP-Müsavat” siyasi partiyalar blokunun
rəhbərliyi Avropa Şurası Müşahidə Missiyası ilə 20 oktyabr 2010-cu il tarixə
təyin olunmuş görüşdə iştirakdan imtina edir.
isagambar.az, 16 oktyabr 2010-cu il, Bakı