Növbəti toplantı
Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların
icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər
müzakirə edilib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümünün əvvəlində Kür çayının daşması
və sahil bəndlərinin uçması ilə bağlı bölgədə yaranmış fəlakət zonasındakı son
durum müzakirə edilib. Müsavat Deputat Qrupunun və Müsavat Partiyası
rəhbərliyinin bölgəyə səfər etmiş üzvləri bölgədəki vəziyyət haqqında Divana
ətraflı məlumat veriblər. Baş vermiş fəlakətdə hakimiyyətin məsuliyyətsizliyi və
səriştəsizliyi xüsusi qeyd olunub. Divan hakimiyyətdən fəlakətin qarşısının qısa
zamanda alınması, əhalinin və onlara məxsus əmlakın təhlükəsizliyinin təmin
edilməsi üçün daha effektli təbirlər görməsini, əhaliyə dəymiş ziyanın
kompensasiya edilməsini tələb edib.
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı ABŞ Dövlət Katibinin
köməkçisinin müavini Tina Kaydenav ilə görüşü haqqında məlumat verdi.
Daha sonra mayın 21-nə təyin edilmiş mitinqə hazırlıqla bağlı məsələ müzakirə
edilib. Bu yöndə konkret tapşırıqlar və təlimatlar verilib.
Seçkilərə hazırlıq məsələsi bölümündə dairələr üzrə namizədlərin
müəyyənləşdirilməsi yönündə müzakirələr davam etdirilib və bir sıra dairələr
üzrə konkret qərarlar qəbul edilib.
Yığıncağın sonunda 2006-cı ilin 21 may hadisələrinin 4-cü ildönümü ilə əlaqədar
ehtimal olunan fəallıqdan qorxan İran rejiminin Güney Azərbaycanın milli azadlıq
hərəkatı fəallarına qarşı başlatdığı repressiya kəskin pislənilib və bunun
dərhal dayandırılması tələb edilib. Məsələ ilə bağlı ayrıca bəyanat qəbul
edilib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 17 may 2010-cu il, Bakı