İSA QƏMBƏRDƏN İQTİDARA AĞIR VƏ SƏRT
MESAJLAR
Müsavat bu il başqanını dəyişəcək
Başqan hakimiyyətlə yanaşı müxalifəti də ələşdirdi; düşərgənin yeni təsnifatını
və birlik modelini açıqladı
Məclisdən
çəkilmiş görüntülər:
1-ci
hissə;
2-ci
hissə;
3-ci
hissə
Dünən Müsavat Partiyası Məclisinin növbəti iclası keçirildi. Gündəliyə yeni
seçilmiş rayon təşkilatları (RT) sədrlərinin Məclis üzvlüyünün təsdiqi,
bələdiyyə seçkilərinin yekunları, builki parlament seçkiləri və partiyanın
vəzifələri, Müsavatın növbəti qurultayı daxil edilmişdi.
Partiya başqanı İsa Qəmbərin təklifi ilə gündəliyə təşkilati məsələ ilə bağlı
müzakirə də daxil edildi. Sonra Qadınlar Birliyinin yeni sədri Vəfa Cümşüdlünün,
Biləsuvar RT sədri Səfər Səfərlinin, Laçın RT sədri Ramiz Xəlilovun Məclis üzvü
səlahiyyətləri təsdiq olundu. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif
Hacılı 23 dekabr bələdiyyə seçkilərinin nəticələri ilə bağlı çıxış etdi.
Seçkilərin ədalətli keçirilmədiyini deyən A.Hacılı bunun ölkədəki normal
demokratik şəraitin olmaması ilə əsaslandırdı.
Məclis üzvləri Rafiq Bəy İsmayıl, Valeh Hümbətoğlu, Qalabəy Ağalar, Cahangir
Əmirxanlı və digərləri çıxış etdilər. Məclis bələdiyyə seçkiləri ilə bağlı yekun
qərar verdi. Seçkinin nəticələri tanımayan Müsavat Partiyası bu nəticələrin
ləğvini, yeni bələdiyyə seçkilərinin keçirilməsini tələb edir.
İ.Qəmbər Məclisin katibi Tofiq Yaqublunu özünə müavin təyin etdiyini bildirdi.
Məclisin sədri Sülhəddin Əkbər parlament seçkiləri ilə bağlı Divanda
müzakirələrin aparıldığını və ilkin fikrin partiyanın qurultayının parlament
seçkilərindən sonra keçirilməsinin təklif edildiyini dedi: “Bu qurultayda
nizamnaməyə dəyişiklik edilməsə, İsa Qəmbər partiya başqanlığına namizədliyini
irəli sürə bilməyəcək”.
Qurultayın seçki ilində keçirilməsi məsələsi birmənalı qarşılanmadı və ciddi
diskussiyalara səbəb oldu. Məclisin bəzi üzvləri qurultayın 2011-ci ilə
saxlanılmasını təklif etdi. Onlar parlament seçkiləri ilə partiya qurultayı
arasında zamanın az olduğunu və bu iki prosesin bir-birinə mane olacağını
bildirdilər. Qurultayın 2013-cü ilə kimi təxirə salınması təklifi də səsləndi.
İ.Qəmbər isə dedi ki, parlament seçkiləri ili olsa da qurultayı keçirməliyik:
“Hətta düşünürdüm ki, qurultayı seçkilərdən əvvəl keçirək və partiya seçkilərdə
yeni rəhbərliklə iştirak etsin. Amma Divan üzvləri belə qərara gəlib ki,
qurultay seçkilərdən sonra keçirilsin. Ona görə də bizim üçün son müddət
dekabrdır. Təəssüf ki, bəzi əldəqayırma siyasətçilərin, ekspertlərin səyləri ilə
belə fikir formalaşır ki, guya hər şey pis ssenari üzrə olacaq. Amma biz belə
bir ssenari fikirləşək ki, parlament seçkilərində böyük uğurlar əldə edə
biləcəyik və Milli Məclisdə güclü müxalifət partiyası olacaq. Bundan sonra isə
qurultayı keçirəcəyik. Partiyanın qurultayı, başqanlığı ilə bağlı məsələyə
gəldikdə isə bu məsələ mən necə deyirəmsə, elə də olacaq. Bu məsələyə vaxt
itirməyə dəyməz”.
Müzakirələrin yekununda səs çoxluğu ilə Müsavatın VIII qurultayının dekabrda
keçirilməsinə qərar verildi.
***
İ.Qəmbər geniş məruzəsində öncə 2009-cu il bələdiyyə seçkilərində partiyanın
kifayət qədər fəal olmadığı barədə səslənən fikirlərə reaksiya verdi: “Təbii ki,
səhvlərimizi, nöqsanlarımızı görməyi bacarmalıyıq. Amma reallığı da
qiymətləndirməyi bacarmalıyıq ki, nəyə görə bu qədər işin, cəmiyyətdə
narazılığın bu qədər böyük olmasının müqabilində ölkədə dəyişiklik etmək mümkün
olmur. Bunun dəqiq cavablarını axtarmalıyıq. Ölkədə murdar bir rejim formalaşıb,
17 ildir hakimiyyətdədir. Zorla, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəldilər
və o şəkildə, zorla da hakimiyyətdə qalırlar. Hakimiyyətə yalanla gəldilər, indi
də yalanla qalırlar. Hər addımda ya zorakılığa, ya yalana müraciət etməklə
məşğuldurlar”.
Başqan Bənəniyar hadisələrinə münasibət bildirəndən sonra dedi ki, hakimiyyətin
mahiyyəti budur: “1993-cü ildə qiyamla gəldilər, iyunda zorakılıqla,
insanlarımızı qətlə yetirməklə gəldilər, nə qədər gəncimizi məhv etdilər.
1994-95-də ölkədə nə qədər qan tökdülər. Hər il hansısa hadisə baş verir. Hər
seçki ilinə yaxın, ya da əvvəl hansısa qanlı hadisə törədirlər. 2000-ci ildə
Şəkidə nə oyunlardan çıxdılar, Cəlilabadda nələr oldu, 2003-də oktyabr, 2005-də
noyabr hadisəsi, Nardarandakı, başqa kənd və rayonlardakı hadisələr bu
hakimiyyətin mahiyyətidir. Bu, zorakı, qana doymayan bir hakimiyyətdir. Biz belə
bir hakimiyyətlə üzbəüz dayanmışıq. Görünməmiş şeydir, bu qədər zorakılıq,
qəddarlıq olan bir ölkədə Müsavat Partiyası, bəzi digər real müxalifət
partiyaları kimi qüvvələr var. İnsanlar var ki, dayanıblar, bu rejimə qarşı
mübarizə aparır, sözünü deməkdən çəkinmirlər. Hansı başqa ölkələrdə bu cür ağır
şəraitdə mübarizə aparan qüvvələr, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər var?
Demək olar ki, nümunəsi yoxdur. Bəzi ölkələr var ki, orda münasibətlər vətəndaş
müharibəsi həddinədək gedib çıxıb, qüvvələr silahlanıb üzbəüz dayanıb. Ancaq
Müsavat Partiyası olaraq bunu Azərbaycan üçün heç vaxt məqbul yol saymamışıq.
Həmişə düşünmüşük ki, vəziyyəti nəyin bahasına olursa-olsun dinc yolla, sülhlə,
inandırmaqla, ictimai qüvvə ilə dəyişmək lazımdır. Əminəm ki, yolun çoxunu
getmişik, az hissəsi qalıb”.
İ.Qəmbərin sözlərinə görə, bu rejim heç bir etimada malik olmadığı üçün
qəddarlıq etməyə məcburdur: “Heç bir başqa şəkildə cəmiyyəti idarə edə, susdura,
razı sala bilmir. Bu rejim ona görə yalan danışmağa məcburdur ki, artıq xalqa
deyəcək doğru sözü qalmayıb. Bütövlükdə bu rejim cinayətlərə bulaşıb. Bu gün
siyasətdə də, ictimai fəaliyyətdə də, mediada da ayrı-ayrı məmurları tənqid edib
İlham Əliyevə söz deməyə çəkinənlər var. Təbii ki, bu, yolverilməzdir, çünki bu
rejimin başında İlham Əliyev dayanır, bu cinayətkarların da birinci səbəbkarı
İlham Əliyevdir. İlham Əliyev ölkədəki bütün bu cinayətlərə görə bilavasitə
məsuliyyət daşıyır. Eyni zamanda bu zor və yalan hakimiyyətinə dayaq duran
insanların da günahlarını görməmək mümkün deyil...”
“Dəyişikliklərin baş verməsi tamamilə realdır”
İ.Qəmbər hakimiyyətin hər il ilin əvvəlində xoşagəlməz sürprizlərin həyata
keçirdiyini xatırlatdı: “Bu il deyəsən, tələsdilər, ötən ilin sonundan mənasız
ziyanlı hərəkətlərinə başladılar. Həbsxanada Eynulla Fətullayevin geyiminə
narkotik atmaqla növbəti biabırçı qanunsuzluq etdilər. Gənc bloggerlər Adnanla
Eminin həbsini bu qədər müddətdə uzadırlar. Heç bir günahı olmayan gəncləri 6
aydır apelyasiya adı ilə həbsdə saxlayırlar. Hakimiyyətin son sürprizlərindən
biri də QHT-lərlə bağlı oldu. Keçən ilin yayında hakimiyyət QHT-lərin
fəaliyyətini ciddi şəkildə məhdudlaşdıran bir qanun layihəsini həyata keçirmək
istəsə də ictimai müqavimət nəticəsində bu planından vaz keçməli oldu. Ancaq
ilin sonunda bəlli oldu ki, hansısa normativ aktlarla, İlham Əliyevin fərmanı,
Nazirlər Kabinetinin qərarları ilə QHT-lərin fəaliyyətini faktiki olaraq iflic
vəziyyətinə salan, vətəndaş cəmiyyətini, üçüncü sektoru hakimiyyətin nəzarətinə
keçirən qərarlar verilib. Hakimiyyətin 2010 üçün ilkin sürprizləri bu idi”.
İ.Qəmbər məhrumiyyətlərə baxmayaraq dəyişikliyin tamamilə mümkün olduğu
qənaətindədir: “Rejimin qəddarlığı, mənfurluğu, yalançılığının ifrat həddə
çatması dəyişikliyi daha da real edir. 2010-cu ildə Azərbaycanda dəyişikliklər
tamamilə mümkün və realdır. İctimai narazılığın səviyyəsi kifayət qədər
yüksəkdir, ölkədə məsuliyyəti öz üzərinə götürə biləcək siyasi qüvvələr, Müsavat
başda olmaqla real müxalifət var. Bunun üçün ölkədə vəziyyətin gündən-günə
ağırlaşdığını dərk edən vətəndaş cəmiyyətinin elementləri var və dəyişikliyin
əlamətləri özünü yavaş-yavaş göstərir. Cəmiyyətdə etirazların artması,
dözümsüzlüyün başlaması görünür. Bu günə qədər susmağa üstünlük verən ziyalılar,
əhalinin müxtəlif təbəqələri tədricən mövqe bildirməyə başlayır. Regionda və
qlobal miqyasda çox ciddi proseslərin getdiyini nəzərə alsaq, 2010-cu ilin
dəyişiklər ili olacağını demək üçün bütün əsaslarımız var. Bu il dünyada da,
bizim regionda da çox şey dəyişəcək, qonşu ölkələrdə də ciddi dəyişikliklər baş
verəcək. Bu zəmində Azərbaycanda dəyişikliklərin baş verməsi tamamilə realdır.
Təbii ki, bu, ilk növbədə xalqımızdan, cəmiyyətimizdən və hər birimizdən
asılıdır. Parlament seçkiləri bizim üçün bu dəyişiklikləri həyata keçirməyə çox
ciddi imkan kimi dəyərləndirilməlidir”.
Müsavat başqanından mitinq anonsu
Müsavatın artıq parlament seçkilərinə hazırlığı başladığını deyən İ.Qəmbər seçki
strukturlarının təkliflərini rəhbərliyə verdiyini vurğuladı: “İnanıram ki,
partiya bu il parlament seçkilərində həmişəkindən da daha yüksək əzmkarlıqla,
mütəşəkkilliklə, fədakarlıqla iştirak edə biləcək. Müsavat üçün ən aktual məsələ
seçki qanunvericiliyinin dəyişdirilməsi, seçki komissiyalarının paritet
əsaslarla təşkilidir. Biz referendum səviyyəsində olan məsələləri də aktual
hesab edirik, proporsional seçkinin bərpası kimi. Ən önəmli məsələlərdən biri
demokratik seçki mühitinin yaradılmasıdır. Kütləvi tədbirlər başlamadan sərbəst
toplaşma azadlığının bərqərar olunmasına nail olmaq mümkün görünmür. Bu mənada
kütləvi tədbirlər barədə ciddi düşünmək lazımdır. Bir daha ölçüb-biçib, zamanı
düzgün seçib kütləvi tədbirlərə başlamaq haqda qərar verməliyik”.
Başqandan bəzi müxalifətçilərə ələşdiri...
Seçkidə iştirakı zəruri sayan Müsavat başqanı bunun formaları barədə səslənən
fikirlərə münasibət bildirərkən sərt mesajlar verdi: “Siyasətçi həmkarlarımızdan
biri deyir ki, bütün müxalifət, demokratik qüvvələr bir araya gəlməlidir.
Hamının sevdiyi gözəl şüardır. Ancaq o da bəllidir ki, "bütün müxalifət" çox
yayğın ifadədir. Bütün müxalifət dedikdə bunların bir araya gəlməsi mümkündürmü?
Əgər bu qüvvələrin bir hissəsi Moskva tərəfindən, digər hissəsi Tehran, başqa
hissəsi də Ramiz Mehdiyev, İlham Əliyev tərəfindən idarə olunursa, bu qüvvələr
nə cür bir araya gələ bilər? Bu şüarı ortalığa atırlar, özləri də bilirlər ki,
bu, mümkün deyil. Hətta bu istiqamətdə müəyyən addımlar olanda da müəyyən
mərhələdə elə gedişlər edirlər ki, bu, mümkün olmasın. Sonra da deyirlər
gördünüz, müxalifət yenə birləşmədi, əsas problem bu imiş. Deyirlər ki,
partiyaların böyük-kiçik olmağının fərqi yoxdur, bu söhbətləri kənara qoymaq
lazımdır. Heç bir prinsipial mövqe tutmağa qadir olmayan, müxtəlif qüvvələr
tərəfindən idarə olunan kiçik partiyalar həlledici məqamlarda 2005-in
noyabrında, bəzi başqa situasiyalarda olduğu kimi əndrəbadi qərarlar verməklə bu
qədər çətin bir şəraitdə, bu qədər az resursla mübarizə aparan demokratik
qüvvələr üçün yeni problemlər yaratmağı bacarır. Başqa həmkarımız deyir ki, məhz
bu partiyalar müxalifət hesab olunmalıdır. Ancaq məsələn, parlamentdəki bəzi
partiyalar var, -tutaq ki, onları mən müxalifət saymıram, - onlar olmamalıdır.
Nə cür müəyyənləşdirirsiniz bunu?"
İ.Qəmbər dedi ki, Müsavatın real müxalifət partiyalarının birliyi tərəfdarı
olduğunu və həmişə buna çalışdığını heç kim unutmamalıdır: “...Müsavat Partiyası
2010-cu il parlament seçkilərində real müxalifətin birliyini təklif edir. Real
müxalifətin də kim olduğunu hamı bilir, heç kim özünü aldatmasın. Bəziləri
özlərini xalqa müxalifət kimi sırımaq istəyir. Çox təəccüb edirəm. Tutaq ki,
onlar güman edir ki, kimisə aldada bilərlər. Ancaq bunlar özləri bilirlər axı
sən MTN-in bir dənə gədəsinin ixtiyarında olan adamsan. Sən nə cür özünü bu
xalqa müxalifət kimi təqdim edə, müxalifət kimi sırıya bilərsən?! Moskva
”FSB"-sinin, İran ETTELAAT-nın agenturası gəlib özünü Azərbaycan xalqının
demokratik qüvvəsi, müxalifət kimi xalqa sırımaq istəyir. Axı kim də bilməsə,
özün yaxşı bilirsən ki, sən kimsən!
Müsavat heç nədən çəkinmədən 2010-cu ilin parlament seçkilərində həqiqi
müxalifətin birliyinə nail olmalıdır. Əgər doğrudan da real müxalifət olan
qüvvələr səmimi şəkildə bu prosesdə iştirak etməyə hazırdırsa, biz ən təvazökar,
güzəştə gedən şəkildə onlarla əməkdaşlığa, birliyə hazırıq. Əgər səmimiyyət
olmayacaqsa, biz yolumuza davam etməliyik. Parlament seçkilərində əsas şüar
böyük koalisiya, böyük blok olmamalıdır. Əsas şüar hər bir dairədə güclü namizəd
şüarı olmalıdır".
İ.Qəmbər bu şüarla bağlı başqa partiyadakı dostları, heç bir partiyada olmayan,
ancaq cəmiyyətdə nüfuzu, hörməti olan insanları da parlament seçkilərində
əməkdaşlığa çağırdı.
Sonra ölkənin iqtisadi vəziyyəti ilə bağlı iqtisadçı-ekspert, Divan üzvü Qubad
İbadoğlu çıxış etdi.
Elşad PAŞASOY, Yeni Müsavat,
http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/68565-%C4%B0SA_Q%C6%8FMB%C6%8FRD%C6%8FN_%C4%B0QT%C4%B0DARA_A%C4%9EIR_V%C6%8F_S%C6%8FRT_MESAJLAR
isagambar.az, 16 yanvar 2010-cu il, Bakı