Müsavat Partiyasının bəyanatı
“Demokrat” qəzetinin dünənki sayında dövlət başçısı İlham Əliyevin Göy-göl
qoruğunda böyük villasının tikintisi haqqında geniş məqalə dərc edilib. Məqalə
ictimai rezonansa səbəb olub, bir sıra mətbuat orqanlarında, həmçinin “Azadlıq”
radiosunda müzakirə obyektinə çevrilib. Bu, Dubay mülkləri haqqında “Vaşinqton
Post” qəzetində dərc olunmuş məşhur məqalədən sonra dövlət başçısının adı
hallanan ikinci mülk qalmaqalıdır. Həmin vaxt bir sıra siyasi partiyaların ciddi
təkidlərinə baxmayaraq Dubay mülkləri haqqında ictimaiyyətə qaneedici izahat
verilmədi. İndiki halda da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göy-göldə
tikilən mülklə bağlı izahatı qaneedici deyil. Ona görə də Müsavat Partiyası
hakimiyyətdən, ilk növbədə dövlət başçısından məsələyə hərtərəfli aydınlıq
gətirməsini tələb edir.
isagambar.az, 18 iyun 2010-cu il, Bakı