Növbədənkənar toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlikdə görülən işlər, partiyadaxili, parlament seçkiləri və ictimai-siyasi vəziyyətə dair məsələlər müzakirə olunub.

Əvvəlcə İsa Qəmbər ATƏT-in PA-nın Müşahidə Missiyasının rəhbəri ilə görüşü haqqında məlumat verib. Məlumat əsasında aparılan müzakirələrdən sonra qərara alınıb ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da gücləndirilsin, eyni zamanda onlardan seçkilərlə bağlı obyektiv və ədalətli münasibət tələb edilsin.
Parlament seçkilərinə hazırlığın gedişatı haqqında müzakirələr zamanı “AXCP-Müsavat” siyasi partiyalar blokunun 50-dən çox namizədinin qeydə alınmaması ciddi qanun pozuntusu və saxtakarlıq kimi dəyərləndirilərək kəskin şəkildə pislənilib. Divan bəyan edib ki, artıq 7 noyabrda keçiriləcək parlament seçkiləri öz legitimliyini itirib və o, heç bir halda azad və ədalətli seçki sayıla bilməz.

Müsavat Partiyası və AXCP-nin mitinqlə bağlı sonuncu müraciətinə Bakı şəhəri İH-nin rədd cavabı barədə də müzakirə aparılıb. Qeyd edilib ki, Bakı şəhər İcra Hakimiyyəti seçki təbliğatı başlanmadığı dövrdə edilən müzakirələri rədd edərkən kütləvi aksiyaları Seçki Məcəlləsinə uyğun olaraq seçki təbliğatı kampaniyası zamanı keçirməyi təklif edirdi. Seçki təbliğatı kampaniyası müddətində edilmiş müraciətə isə kütləvi aksiyaların ancaq MSK tərəfindən müəyyənləşdirilmiş yerlərdə keçirilə biləcəyini bildirirlər. Halbuki təklif olunan yerlərin heç birində normal kütləvi aksiya keçirməyə imkan yoxdur. Divan ölkə hakimiyyətinin bu qanunsuz, məntiqsiz hərəkətini və özbaşınalığını kəskin şəkildə qınayır və bildirir ki, bundan sonra da insanların sərbəst toplaşmaq hüququnun bərpa olunması uğrunda mübarizə aparacaq.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 18 oktyabr 2010-cu il, Bakı