Müsavat
Partiyasının başqanı İsa Qəmbər 20 Yanvar Ümumxalq Hüzn günü ilə bağlı
Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilir:
Əziz soydaşlarım!
Bu il 1990-cı ilin 20 yanvar hadisəsinin 20-ci ildönümü tamam olur. Həmin dövrdə
xalqımız Sovet İmperiyasının zülmünə qarşı dözməyərək milli-azadlıq mübarizəsinə
qalxdı. Mənfur sovet imperiyasını qoruyub saxlamağa çalışan Moskva başbilənləri
Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmağa çalışırdılar. Sovet
qoşunlarının amansız vəhşiliyi nəticəsində yüzlərlə insan şəhid olmuş və
yaralanmışdılar.
Qanlı Yanvar hadisələri Azərbaycan xalqını mübarizlik yolundan döndərə bilmədi.
Əksinə, xalqımıza qarşı edilən bu vəhşilik Sovet İmperiyasının dağılması
prosesinə daha böyük təkan verdi. Bu qanlı tarix Azərbaycan xalqının öz azadlığı
uğrunda mübarizəsinin qəhrəmanlıq simvoluna çevrildi. Müstəqil Azərbaycanın
vətəndaşları hələ də həmin acılı günləri böyük qürur hissi ilə xatırlayırlar.
Həmin günlər xalqımızın yaddaşına həm matəm və hüzn günü kimi, həm də oyanış,
milli azadlığa qovuşmağımız yolunda hərəkat dövrü kimi həkk olunub. Məhz həmin
şərəfli tarixdən sonra qəhrəmanlıq nümunələrini əxz edən xalqımız özünün əbədi
müstəqilliyinə qovuşdu.
Biz bu müqəddəs gündə 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, yaxınlarına və
bütün xalqımıza başsağlığı verərək onları əmin etmək istəyirik ki, Müsavat
Partiyası haqq dünyasına qovuşmuş bu insanların müqəddəs ideallarına həmişə
sadiq qalacaq, Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün
bərpası və bu ölkənin demokratik dəyərlərə qovuşması üçün bütün qüvvəsini sərf
edəcək.
Tanrı Azərbaycanımızı qorusun!
isagambar.az, 19 yanvar 2010-cu il, Bakı