Müsavat Partiyasının Başqanı İsa Qəmbər Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Əziz soydaşlarım!

Novruz bayramınızı təbrik edir, hamınıza uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram.

Şərq təqvimində Yeni ilin gəlişini özündə ehtiva edən Novruzu xalqımız həmişə böyük sevgi ilə qeyd edib. Kommunist reyimi Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına yasaqlar qoyulub, onu birdəfəlik təqvimdən silməyə çalışıblar. Lakin bütün bu qadağalara baxmayaraq xalq öz müqəddəs və əziz bayramını həmişə əziz tutub, evlərimizdən Novruz xonçası heç bir zaman əskik olmayıb, tonqallarımızı qalayıb inanclarımıza tapınmışıq.

Müstəqilliyimiz əldə olunandan sonra Novruz rəsmi dövlət bayramları arasında öz layiqli yerini tutdu. İndi xalqımız bu bayramı açıq qeyd edə bilir, amma təəssüf ki, günbəgün pisləşən sosial-iqtisadi durum, qiymətlərin fantastik sürətlə artması nəticəsiində insanlar Novruzu ürəkləri istədiyi kimi qeyd edə bilmirlər. Bu gün şox zəngin sərvətlərə və resurslara malik bu ölkənin vətəndaşları cox acınacaqlı durumda yaşaylrlar. Bu gün biz öz haqlarımız uğrunda fəal mübarizə aparmasaq, hamı bir nəfər kimi öz taleyinə sahib çıxmağa çalışmasa, vəziyyət getdikcə daha kritik həddə çatacaq.
Ona görə də mən hamınızı Novruz bayramını-bu yenilik və dəyişiklik bayramını gələcəyə inamla qarşılamağa, bu seçki ilində fəal olmağa, öz taleyinizə sahib durmağa çağırıram.

Bir daha hamınızı bu əziz bayram münasibətilə təbrik edir, bütün arzu və istəklərinizin çin olmasını arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!

isagambar.az, 19 mart 2010-cu il, Bakı