Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Gündəliyin partiyadaxili məsələlər bölümündə rayon təşkilatlarının vəziyyətinə
dair arayışın təqdimatı başa çatdırılıb. Divan həmin məlumatları nəzərə alıb və
gələcək fəaliyyətdə həmin sənəddən yararlanmağı tövsiyyə edib. Partiya
Məclisinin 02 may 2010-cu il tarixində keçiriləcək növbəti sessiyasının
gündəliyi ilə bağlı müzakirələr aparılıb və layihə əsas kimi qəbul edilib.
Daha sonra 14 aprel 2010-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin binası
qarşısında sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbi ilə keçirilmiş
etiraz piketinin nəticələri müzakirə edilib. Divan piketin məqsədlərinə
çatdığını qeyd edib, onun təşkilatçılarına və iştirakçılarına təşəkkür elan
edib. Piketin qarşısının alınması zamanı yol verilmiş polis zorakılığına və bu
məqsədlə mülki geyimli insanların cəlb edilməsinə kəskin etiraz edilib. Qeyd
edilib ki, kütləvi aksiyaların qarşısının alınması zamanı polisin mülki geyimli
şəxslərdən istifadə etməsi ciddi qanun pozuntusudur, bir də belə hal
təkrarlanarsa, Müsavat Partiyası müvafiq qurumlara müraciət edəcək. Daha sonra
növbəti kütləvi aksiyalar barədə müzakirə aparılıb. Kütləvi aksiyaların davam
etdirilməsi qərara alınıb və keçiriləcək növbəti kütləvi aksiyanın növü və
vaxtının işçi qaydada məsləhətləşmələr aparıldıqdan sonra müəyyənləşdirilməsi
nəzərdə tutulub.
Ötən il Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş dəhşətli terror
hadisəsinin ildönümü və bu məqsədlə planlaşdırılan aksiyalarla əlaqədar fikir
mübadiləsi aparılıb, hakimiyyətdən həlak olanların xatirəsinə sayğı ilə yanaşmaq
tələb edilib.
İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı əsas diqqət bu
yaxınlarda Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammiti və Azərbaycanın bu
tədbirə dəvət olunmamasına yönəlib. Qeyd edilib ki, iqtidarın yürütdüyü yarıtmaz
siyasət ucbatından ölkəmiz ciddi beynəlxalq proseslərdən təcrid olunur ki, bu da
Qarabağ danışıqlarının gərginləşdiyi bir dövrdə milli mənafeyimizə ziddir. Divan
Vaşinqtondakı Sammitdə Qarabağla bağlı müzakirələr zamanı Türkiyənin
Azərbaycanın mənafelərini prinsipiallıqla müdafiə etdiyini qeyd edib, buna görə
qardaş ölkəyə minnətdarlığını bildirib. Müsavat Partiyası Türkiyənin bu həssas
dönəmdə prinsipial mövqeyinin davam edəcəyinə və Türkiyə-Azərbaycan birliyinin
daha da güclənəcəyinə inandığını bəyan edib.
Əliyevlərin Dubay mülkləri haqqında məsələnin müzakirəsi davam etdirilib. Qeyd
edilib ki, bu məsələ ilə əlaqədar Müsavat Partiyasının Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinə və Mərkəzi Seçki Komissiyasına ünvanladığı rəsmi sorğulara
hələ də cavab verilməyib. Divan qeyd edib ki, əgər həmin qurumlar
qanunvericilikdə nəzərdə tutulmuş müddətdə partiyanın sorğusuna cavab verməsə,
bu haqda müvafiq orqanlara şikayət veriləcək. Eyni zamanda həmin məsələ ilə
əlaqədar Vergilər Nazirliyinə də müvafiq sorğu göndərilməsi qərara alınıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 19 aprel 2010-cu il, Bakı