Müsavat Gənclər Təşkilatının Bəyanatı

Bildiyiniz kimi, hüquq-mühafizə orqanları qanun vericiliyin tələbinə görə siyasətə qarışmamalıdır. Amma ölkəmizdə durumun fərqli olması hamımıza yaxşı məlumdur. Əgər əvvəllər heç olmasa yüksək rütbəli polis məmurları, sözdə də olsa, öz bitərəf mövqedə olduqlarını bildirirdilərsə, indi vəziyyət tamamilə fərqlidir. Bunun sübutu kimi Nazirlər Kabinetinin kameralar haqda qəbul etdiyi qərardan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun tutduğu vəzifəyə, daşıdığı rütbəyə uyğun olmayan çıxışı mətbuatda yer aldı. E Zahidovun fikrinə görə “müxalifət o qədər zəifdir ki, hakimiyyətin onların qarşısında hec bir qorxusu yoxdur və kameraların quraşdırılması onların izlənilməsi ücün deyil”. DİN-in yüksək rütbəli əməkdaşının siyasətə qarışmasını, kimin güclü və ya zəif olduğunu bildirməsi heç də onun səlahiyyətlərinə aid olan məsələ deyil. Bu, bir daha onu göstərir ki, DİN Əliyevlər rejminin əlində öz hakimiyyətinin qorunması üçün bir qanunsuz alətə çevrilib.

Müsavat Gənclər Təşkilatı bir yüksək rütbəli polis məmuru olan E. Zahidovun bu fikirlərini qanuna zidd olan və hec bir əxlaqi çərçivəyə sığmayan bəyanat kimi qiymətləndirir, əgər E.Zahidov siyasətlə məşqul olmaq istəyirsə daşıdığı poqonlarından, geydiyi formadan imtina etsin, əks halda onun üzr istəməsini və Ramil Usubovdan tabeliyində olan məmuru istefaya göndərməsini tələb edirik.

Sonda onu da bəyan edirik ki, biz, Müsavat Gənclər Təşkilatı olaraq bu məsələnin hüquq çərçivəsində qiymətini alması üçün məhkəməyə müraciət etməyə hazırlaşırıq.

isagambar.az, 19 iyul 2010-cu il, Bakı