Növbəti toplantı

Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.

Yığıncağın əvvəlində 17 iyul 2010-cu il tarixdə Azərbaycan Texniki Universitetinin binasında ali məktəblərə qəbul imtahanı zamanı Post Patrul Xidməti əməkdaşlarının universitetin qarşısında toplaşmış valideynlərə qarşı kobudluq etmələrinə etirazına görə Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının tutularaq polis bölməsinə aparılması və inzibati qaydada cəzalandırılması kəskin pislənib və Daxili İşlər Nazirliyindən bu cür qeyri-qanuni hərəkətlərə son qoyulması tələb edilib.

Daha sonra AXC-nin yaradılması münasibətilə partiyanın qərargahında keçirilmiş tədbirin yekunları haqqında fikir mübadiləsi aparılıb və yüksək qiymətləndirilib. Rəsulzadə-Elçibəy yoluna bağlı siyasi partiya və qüvvələrin konsolidasiyası üçün yaranmış yeni situasiya dəyərləndirilib.

Divan seçkilərdə əməkdaşlıq mövzusunda AXCP ilə başlanmış məsləhətləşmələr barədə məlumatı dinləyib və bu məsləhətləşmələrin davam etdirilməsi haqqında qərar qəbul edib. Eyni zamanda qeyd edilib ki, Müsavat Partiyası buna qədərki müddətdə digər qüvvələrlə aparılan məsləhətləşmələrdə əldə edilən öhdəliklərinə sadiq qalacaq.

Yığıncaqda kütləvi aksiyalarla bağlı məsələ də müzakirə edilib. Növbəti mitinqin iyul ayının 31-də digər müxalifət qüvvələri ilə eyni zamanda və eyni məkanda keçirilməsi məqsədəuyğun hesab edilib və bunun üçün səylərin davam etdirilməsi qərara alınıb.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 19 iyul 2010-cu il, Bakı