Müsavat və DUİ mitinqi təxirə saldı
Müsavat Partiyası və DUİ Kür və digər çayların daşması ilə əlaqədar ölkənin 40-a
yaxın rayonunda fövqəladə vəziyyətin yaranması, xüsusilə Şirvan, Sabirabad,
Salyan, İmişli kimi rayonlarda təbii fəlakətin qorxulu miqyas aldığını əsas
götürərək may ayının 21-nə təyin olunan mitinqin təxirə salınması barədə qərar
qəbul edib.
Müsavat Partiyası və DUİ-yə daxil olan siyasi partiyalar bəyan edir ki, bu qərar
partiyaların rəhbər strukturları, o cümlədən, partiyaların rayon təşkilatlarının
rəhbərləri ilə aparılan intensiv müzakirələrdən və fəlakətin üz verdiyi
bölgələrdən alınmış son məlumatları analiz edərək qəbul edilib.
Belə qərarın qəbul edilməsi Azərbaycan xalqının mənafeləri, xüsusilə fəlakət
bölgəsində olan insanların taleyi ilə bağlı olan narahatçılığın nəticəsidir.
Müsavat Partiyası və DUİ-yə daxil olan siyasi partiyalar bəyan edir ki, 21 may
2010-cu il tarixə təyin edilmiş mitinqin şüarları və tələbləri öz aktuallığını
saxlamaqdadır və yaxın günlərdə həmin tələblərlə keçiriləcək mitinqin tarixi və
yeri müəyyənləşdiriləcəkdir.
isagambar.az, 20 may 2010-cu il, Bakı