Növbəti toplantı
Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların
icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər
müzakirə olunub.
Toplantıda kütləvi aksiyalar məsələsi müzakirə olunub. DUİ rəhbərliyi ilə
məsləhətləşmələrdən sonra birgə mitinq 03 iyul 2010-cu il tarixinə təyin olunub.
Daha sonra parlament seçkilərinə hazırlığın gedişatı haqqında fikir mübadiləsi
aparılıb və dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi işi davam etdirilib.
Milli Məclisdə Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barəsində ciddi
müzakirələr aparılıb. Hakimiyyətin müxalifətin və beynəlxalq təşkilatların
təkliflərinin ziddinə olaraq Seçki Məcəlləsini daha da mürtəceləşdirməsi kəskin
şəkildə pislənilib.
İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum gününün
qeyd edilməsi ilə bağlı qərar qəbul edilib. Qərara görə Müsavat Partiyasının və
DUİ-nin nümayəndələri 24 iyunda, saat 9:00-da Əbülfəz Elçibəyin Fəxri
Xiyabandakı qəbrini ziyarət edəcəklər və gün ərzində tədbirlər davam
etdiriləcək.
Divan Elçibəysevərləri 24 iyun tarixini bayram günü kimi qeyd etməyə çağırıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 21 iyun 2010-cu il, Bakı