Müsavat Partiyasının Başqanı İsa Qəmbər Milli Mətbuat Günü münasibəti ilə
Azərbaycan jurnalistlərini təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli media nümayəndələri!
Milli Mətbuatımızın yaranmasının 135-ci ildönümü münasibəti ilə hamınızı təbrik
edirəm. 135 il əvvəl böyük H. Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin nəşri ilə
Azərbaycanda milli mətbuatın əsası qoyuldu. “Əkinçı” ilə başlayan, sonralar
“Şərqi-Rus” “Həyat”, “Fyüzat”, “Açıq söz”, “Molla Nəsrəddin” və onlarla bu kimi
qəzet və jurnallarla yeni mərhələyə qədəm qoyan milli mətbuatımız ilk öncə
maarifçilik ideyalarının təbliği sahəsində misilsiz rol oynadı. Həmin illər
ərzində Ə. Hüseynzadə, Ə. Ağaoğlu, M. Ə. Rəsulzadə, Ü. Hacıbəyov, C.
Məmmədquluzadə, M. Şaxtaxtinski, Ö. F. Nemanzadə və onlarla başqa fədakar qələm
sahibləri böyük bir məktəbin əsasını qoydular. Daha sonra Azərbaycan mətbuatı
milli mücadilə tariximizin də əsas güzgüsünə çevrildi. Təsadüfi deyil ki,
Azərbaycanda siyasi jurnalistikanın təşəkkül tapması məhz ötən əsrin
əvvəllərindən başlayıb.
Həmin əsrin axırlarında, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda
xalq hərəkatı başlayandan sonra mətbuatımız da yeni dirçəliş dövrünə qədəm
qoydu, bu mübarizənin əsas mənəvi-ideoloji dayağına çevrildi. Ölkəmiz təkrar
müstəqilliyə qovuşandan sonra yeni, azad, demokratik dəyərlərə əsaslanan, əsl
peşəkar mətbuatın yaranması üçün unikal zəmin yetişdi. 90-cı illərinin
əvvəllərində bu istiqamətdə xeyli irəliləyişlərə nail olundu. Təəssüf ki, 93-cü
ilin 4 iyun qiyamından sonra hakimiyyətə gələn H. Əliyevin ölkədə yaratdığı və
bu gün daha dözülməz səviyyəyə çatdığı avtoritar rejim əldə olunmuş az-çox
nailiyyətlərin üstündən xətt çəkdi. Bu gün mətbuatımız çox acınacaqlı bir
vəziyyətə düşüb. İndi ölkədə jurnalistlərin peşə fəaliyyətlərinə görə
öldürülməsi və döyülməsi, fiziki və mənəvi təzyiqlərə məruz qalması, şərlənməsi,
həbsə atılması adı hala çevrilib. Artıq Azərbaycan azad yazarların əsl həbs
düşərgəsinə çevrilib. Beynəlxalq və yerli ictimaiyyətin davamlı etirazlarına
baxmayaraq ölkənin 3 tanınmış jurnalisti – Eynulla Fətullayev və gənc bloggerlər
Emin Milli və Adnan Hacızadə hələ də qanunsuz olaraq həbsdə saxlanılır. Bu
acınacaqlı vəziyyətdən qurtarmağın yeganə yolu jurnalistlərin həmrəyliyinə,
ictimaiyyətin ayrı-ayrı təbəqələrinin, ziyalıların, siyasi qüvvələrin bütövlükdə
cəmiyyətin fəallaşmasında, rejimin özbaşınalığına qarşı ciddi təpki
göstərməsindədir.
Hörmətli media nümayəndələri!
Bütün bu təqib və təzyiqlərə, çətin və dözülməz şəraitə baxmayaraq şanlı keçmişə
və ənənələrə malik Azərbaycan jurnalistikasının nümayəndələri öz peşə
bayramlarını iftixar hissi ilə keçirməyə layiqdirlər. Bu gün ölkəmizdə həmin
şanlı və fədakar jurnalistikanın çoxsaylı davamçıları var. Məhz onların rəşadəti
və mətanəti sayəsində rejim azad və müstəqil jurnalistikanı birdəfəlik yox etmək
planlarını gerçəkləşdirə bilmir.
Bir daha Sizi Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, şəxsi həyatınızda
xoşbəxtlik, peşə fəaliyyətinizdə uğurlar arzulayıram və inanıram ki, Azad Söz
qalib gələcəkdir!”
isagambar.az, 21 iyul 2010-cu il, Bakı